Ölkə əhalisinin 12,3 faizini pensiyaçılar təşkil edir

 12:17 31.03.2021     471

2021-ci il yanvarın 1-i vəziyyətinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunda 1228,8 min (2020-ci il yanvarın 1-i vəziyyətinə 1270,6 min) pensiyaçı qeydiyyatda olub ki, bu da ölkə əhalisinin 12,3 faizini təşkil edir.

Dövlət Statistika Komitəsindən Redaktor.az-a verilən məlumata görə, onların 58,3 faizi yaşa, 30,4 faizi əlilliyə, 11,3 faizi isə ailə başçısını itirməyə görə pensiya alır. Təyin olunmuş aylıq pensiyaların orta məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 14,7 faiz artaraq 302,2 manat təşkil etmiş və orta aylıq əmək haqqının 42,7 faizinə bərabər olub.

Ölkədə pensiyaçıların sosial müdafiəsini daha da gücləndirmək məqsədilə “Əmək pensiyalarının indeksləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 5 fevral tarixli 2491 nömrəli Sərəncamı ilə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq 2021-ci ilin 1 yanvar tarixindən bütün növ əmək pensiyalarının sığorta hissəsi indeksləşdirilərək artırılıb.