Bakıda uşaq bağçaları işləyir, yoxsa işləmir? - MÜƏMMALI QƏRAR
İki gün öncə Bakı, Abşeron, Sumqayıt, Gəncə, Şəkidə uşaq bağçalarının bağlanması məsələsi ilə bağlı Təhsil Nazirliyinin verdiyi qərar Azərbaycanda böyük ziddiyyət yaradıb.
Təhsil naziri Emin Əmrullayevin "Facebook" səhifəsində “Pandemiya dövründə tədrisin təşkili” mövzusunda sualları cavablandırarkən bağçaların bağlanmayacağını demişdi.
Hazırda isə təzadlı situasiya yaranıb. Belə ki, sosial mediada əksər valideynlər bağçaların işləmədiyini qeyd ediblər, o cümlədən bağça əməkdaşları da çaşbaş vəziyyətdə qalıblar. Məlumata görə, işləməmə səbəbi kimi peyvəndləmə prosesi göstərilib.
Təhsil eksperti Kamran Əsədov bildirib ki, bağçaların bağlanması ilə bağlı ötən həftə Təhsil Nazirliyi tərəfindən elan olunan məsələ nazirliyin səlahiyyətindən kənardır:
“Ölkə başçısı İlham Əliyevin 2011-ci il sərəncamına əsasən, uşaq bağçaları və körpələr evi Təhsil Nazirliyindən alınaraq müvafiq icra hakimiyyətlərinin tabeliyinə verilib. Hazırda ölkədə 1672 uşaq bağçası və körpələr evi var. Həftənin şənbə günü nazir Emin Əmrullayev çıxışında, o cümlədən qurumun mətbuat şöbəsinin rəhbəri Cəsarət Valehov da 5 apreldən etibarən uşaq bağçalarının bağlanmayacağını qeyd etdi. Hesab edirəm ki, bu bir az publikaya yönəlmiş açıqlama idi. Çünki bu gündən etibarən ölkənin 5 bölgəsində tədrisin distanta keçməsi ilə bağlı qərar ciddi narazılığa səbəb olmuşdu, nazirlik müəyyən qədər özünü təmizə çıxarmağa, yenidən mövqeyini qaldırmağa çalışırdı. Hazırda isə uşaq bağçalarının fəaliyyət göstərmədiyini görürük. Bakının Binəqədi, Xətai, Yasamal rayonlarında bir neçə bağça ilə əlaqə saxladıq və dedilər ki, “Biz Təhsil Nazirliyinə tabe deyilik, icra hakimiyyətinin qərarına əsasən, fəaliyyətimizi dayandırmışıq”.
Ekspert bildirib ki, Təhsil nazirliyi yalnız özəl uşaq bağçalarının lisenziyasına, onların nizamnaməsinə rəy verə bilər:
“Amma fəaliyyətinə hər hansı müdaxilə etmək səlahiyyətinə malik deyil. Bu qərar ictimaiyyət arasında ciddi çaşqılığa səbəb olub. Bir az məsuliyyətsiz verilmiş qərardır. Səhərdən etibarən kifayət qədər valideyn əlaqə yaradıb ki, övladımızı bağçaya aparmışıq, amma işləmir. Halbuki Təhsil nazirliyinin rəsmisi Cəsarət Valehov da bağçaların bağlanmamasını yaxşı xəbər adlandırmışdı. Ümumiyyətlə həm məlumatın hüquqi əsası yoxdur, digər tərəfdən isə valideynlər yalan məlumatla üz-üzə qalıblar. Bu dəqiqə bağçalar bağlıdır. Düşünürəm ki, yalnış məlumatlara, öz səlahiyyətlərinə daxil olmayan məsələyə münasibət bildirdiklərinə görə, nazirlik üzrxahlıq edəcək.
Nazirlər Kabinetinin fevralda verilmiş qərarına əsasən, məktəblərin bağlanması, yəni təhsilalma formasının dəyişməsi ilə bağlı səlahiyyətlər müvəqqəti pandemiya dövründə Təhsil nazirliyinə verilib. Amma bütünlükdə bu, ancaq məktəblərə aiddir. Nazirlik hətta ali təhsil müəssisələri ilə bağlı belə, qərarı universitetlərlə razılaşmaqla verirsə də, bağçalarla bağlı ümumiyyətlə fikir bildirə bilməz. Bu tipli açıqlamalar yalnız publikada müsbət imic yaratmağa yönəlib. Lakin hesab edirəm ki, bu, yanlış nəticələndi".
Aysel Hacıyeva / Redaktor.az