Vətən müharibəsi qəhrəmanlarına həsr olunmuş MƏLUMAT BÜLLETENİ

 09:39 07.04.2021     1510

Respublika Gənclər Kitabxanası Vətən müharibəsi qəhrəmanlarına həsr olunmuş məlumat bülletenini izləyicilərinə təqdim edir. Heç şübhəsiz ki, ikinci Qarabağ müharibəsi tarixdə Azərbaycanın şanlı qələbəsi kimi qalacaq. Bu qələbənin qazanılmasında bütün xalqımız birlik, həmrəylik nümayiş etdirdi.

Redaktor.az xəbər verir ki, şanlı ordumuz, igid Azərbaycan oğulları bir saniyə belə tərəddüd etmədən Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yürütdüyü müdrik siyasətə arxalanaraq doğma Qarabağın erməni təcavüzkarları tərəfindən azad olunması uğrunda döyüşlərə atıldı və tarixlərə yazılan qələbəyə imza atdı.

Bəli, bu gün Azərbaycan müdrik siyasətin, cəsur, qəhrəman oğulların və bütöv bir xalqın inamı sayəsində zəfər çalmış bir ölkədir! Xalqımız Azərbaycanın bütövlüyü uğranda canından, sağlamlığından keçmiş bütün igid əsgərləri böyük ehtiram hissi ilə yad edir və daim qəlbində yaşadır.

Təbii ki, Respublika Gənclər Kitabxanası olaraq bizim qarşımızda böyüməkdə olan gənc nəslin hərbi vətənpərvərlik ruhunun yüksəldilməsi yönümündə, onlarda Vətənə, xalqa, milli – mənəvi dəyərlərimizə olan sevgi və bağlılıq hisslərini inkişaf etdirmək,öz qəhrəmanlarını tanımaq və tanıtmaq kimi ali bir vəzifə durur. Məhz bu məqsədlə, Respublika Gənclər kitabxanası “Vətəni yaşadanlar” aksiyası çərçivəsində Azərbaycanın Milli Qəhrəmanı Murad Mirzəyev,Vətən Müharibəsi Qəhrəmanları Vüqar Ağayev və Azər Yusifli haqqında məlumat bülleteni hazırlayaraq istifadəçilərə təqdim edib. Gənclərin vətənpərvərlik tərbiyəsinə kömək məqsədilə hazırlanan bu bülleten üç qəhrəman Azərbaycan oğlunun həyatı və keçdikləri şərəfli döyüş yollarından bəhs edir. Bülletendə qəhrəmanlar haqqında geniş məlumatlarla yanaşı, onlar haqqında söylənilən xatirələr, təltiflər, şəxsi və döyüş dönəmini əks etdirən foto şəkillər, müxtəlif mətbuat orqanlarına, saytlara olan istinadlar da yer alıb.

Onu da qeyd edək ki, Respublika Gənclər Kitabxanası gələcəkdə də igid qəhrəmanlarımızın təbliği yönümündə fəaliyyətini davam etdirmək və bu səpkili məlumat bulletenləri hazırlamaq fikrindədir. İstifadəçilər sözügedən məlumat bülleteninə

http://ryl.az/files/veteni_yashadanlar.pdf linki vasitəsilə baxa bilərlər.