Azərbaycanda bağlanan iş yerləri - DÖVLƏT PUL ÖDƏYƏCƏK?

 13:40 19.04.2021     572

Azərbaycanda COVID-19 pandemiyası başladığı gündən etibarən bir çox iş yerləri bağlanıb. Baxmayaraq ki, sahibkarlara güzəştlər olundu, dövlət tərəfindən yardım göstərildi.

Amma vəziyyətin heç də xoş olmadığını görmək olar. Məlum olub ki, təkcə Bakı şəhərində pandemiyadan öncə fəaliyyət göstərən 16 idman zalı bağlanıb. Bu o deməkdir ki, burada çalışan şəxslər işsiz qalıblar.

Redaktor.az-ın məlumatına, UNEC-un professoru Zahid Məmmədov bildirib ki, digər ölkələrdə iş yerləri, ali məktəblərdə idman zalları mövcuddur ki, işçilər, tələblər və müəllimlər həmin zallarda idman edirlər. Özəl idman zallarına getməyə ehtiyac qalmır:

“Belə ölkələrdə idman zallarının bağlı olması o qədər də müzakirə olunmur. Bu vəziyyət bizə göstərdi ki, sovet dönəmindəki kimi şirkətlərin nəzdində fəaliyyət göstərən idman klublarını bərpa etmək lazımdır. İdmanla məşqul olmaq sağlamlığın təməlidir. Restoranların işləməsinə icazə verilir, bəs nəyə görə idman zallarının fəaliyyətinə icazə yoxdur?

Bu mövzu tək idman zalları ilə bitmir, bilirik ki, hamam fəaliyyəti də dayandırılıb. Məsələn, “Təzə bəy” hamamında 100-dən çox peşəkar insanlar işləyirdi, onların peşəsini dəyişməsi ciddi düşünüləcək məsələdir. Bununla əlaqədar başqa ölkələrdə insanlara kompensasiyalar ödənilir”.

Z.Məmmədov idman zalı işlədən sahibkarlarının külli miqdarda pul ödəyib avadanlıqlar aldığını, hazırda isə çətin vəziyyətdə olduqlarından söhbət açıb:

“Əlində biraz imkanı olan şəxs idman zalı açıb, külli miqdarda pul ödəyib avadanlıqlar alıb. Bəs indi bunları nə etsin? İş adamı belə bir böhran zamanı əlində olan avadanlıqları sata bilməz. Pandemiya zamanında sahibkarlar nə vaxtsa 30 minə aldıqları avadanlığı 5 minə satıblar. Mən düşünürəm ki, idman zalları açılmalıdır və bu sahibkarlara dəstək olunmalıdır ki, yenidən işləsinlər. Banklardan kredit götürüb, hətta öz evini satıb bu sahəyə pul qoyan insanlar tanıyıram. Bunları düşünməyin vaxtıdır".

Aysel Hacıyeva / Redaktor.az