“Azəriqaz” rəhbərliyi onlayn vətəndaş qəbulu keçirib - FOTO

 11:33 24.04.2021     99

“Azəriqaz” İstehsalat Birliyinin (İB) baş direktoru Ruslan Əliyev Astara rayonu, baş direktorun istismar üzrə müavini Cahid Hüseynov Yardımlı rayonu, baş direktorun əsaslı tikinti üzrə müavini Ramil İskəndərov isə Lənkəran rayonunun sakinləri ilə birbaşa videobağlantı yaratmaqla onlayn vətəndaş qəbulu keçiriblər.

“Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə Əlaqələr şöbəsindən Redaktor.az-a bildirilib ki, qəbulda qaz xətlərinin yerinin dəyişdirilməsi, fərdi qaz çəkilişləri və s. müraciətlər ünvanlanıb.

Qaldırılan məsələlərin həllinə dair baş direktor və müavinləri Lənkəran Regional Qaz İstismarı İdarəsinin məsul əməkdaşlarına müvafiq tapşırıqlarını veriblər.

Onlayn görüşdə həmçinin artıq payız-qış mövsümünə hazırlıq işlərinə start verildiyi qeyd olunub. Buna görə də yerlərdə mümkün olan ərazilərdə küçə xətlərinin çəkilməsi ilə bağlı monitorinq aparılmasının önəmi vurğulanıb. Bildirilib ki, ayrı-ayrı şəhər və rayonlarda fərdi yaşayış evlərinin çoxaldığı küçələrdə “Azəriqaz” İB-in daxili imkanları hesabına artıq daşıyıcı qaz xətləri çəkilir. Daha çox vəsait tələb edən və işin böyük həcmini təşkil edən bu prosesdən sonra hər bir vətəndaşın üzərinə yalnız “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərinə müraciət etməklə qazlaşmanı tamamlamaları qalır.