Sosial sığorta haqları üzrə daxilolmalar artıb

 16:36 27.04.2021     67

Beynəlxalq Valyuta Fondunun Fiskal Məsələlər üzrə Departamenti tərəfindən vergi siyasəti məsələləri ilə bağlı keçirilən, aprelin 19-dan mayın 10-dək dövrü əhatə edən virtual missiya çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədr müavini Mətin Əsgərlə onlayn görüş olub. 

Fonddan Redaktor.az-a verilən məlumata görə, M. Əsgər son illərdə Azərbaycanda sosial təminat sistemində aparılan islahatlar, pensiya və sosial müavinətlərin artırılması istiqamətində atılan mühüm addımlar barədə məlumat verib. 

Bildirilib ki, ölkədə vergi və məcburi dövlət sosial sığorta sahəsində aparılan islahatlar nəticəsində qeyri-formal məşğulluğun azalması və sosial sığorta daxilolmalarında artım qeydə alınıb. Sosial sığorta haqları üzrə daxilolmalarda son 2 ildə 22% artım özünü göstərib. İnvestisiyaların cəlb edilməsi, kiçik və orta sahibkarlığa dəstək göstərilməsi məqsədilə sığortaedənlərin məcburi dövlət sosial sığorta haqlarının hesablanması və ödənilməsi barədə hesabatların verilməsi proseduru sadələşdirilib. 

Eyni zamanda, 30-a yaxın fəaliyyət sahəsi üzrə fərdi qaydada fəaliyyət göstərən sahibkarların sosial sığorta haqlarının azaldılmasının nəticələri qeyd edilib. COVID-19 pandemiyası dövründə iş yerlərinin qorunması və vətəndaşlara birdəfəlik ödənişlərin edilməsi məqsədi ilə ölkəmizdə həyata keçirilən geniş miqyaslı sosial-iqtisadi paket barədə də məlumat verilib. 

Görüşdə sığortaolunanların fərdi şəxsi hesabında qeydə alınan vəsaitlərin indeksləşdirilməsi və digər qarşılıqlı maraq doğuran məsələlər də müzakirə olunub. Pensiyaların 2021-ci ilin əvvəlindən də indeksləşdirilərək artırıldığı, ümumilikdə bu ilin yanvar-mart aylarında pensiyaların orta aylıq məbləğinin ilin əvvəlinə nisbətən 11,8% artaraq 1 aprel tarixinə 332 manata, o cümlədən yaşa görə pensiyaların orta aylıq məbləğinin əvvəli ilə müqayisədə 10,7% artaraq 362,3 manata çatdığı diqqətə çatdırılıb.

Görüşdə bundan sığortaolunanaların fərdi şəxsi hesabında qeydə alınan vəsaitlərin indeksləşdirilməsi və digər qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.