Qaradağda bu küçə təmir edilir - FOTO

 13:33 29.04.2021     127

İnvestisiya Proqramına uyğun olaraq ayrılmış vəsait hesabına bu il Qaradağ rayonunun Korgöz, Ələt və Lökbatan qəsəbələrində ümumi uzunluğu 6.5 km olan küçə və yolların təmiri və tikintisi nəzərdə tutulur.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Redaktor.az-a verilən məlumata görə, artıq Korgöz qəsəbəsində hər biri 500 metr uzunluğa malik 25-ci və 29-cu, həmçinin uzunluğu 300 metr olan 30-cu Korgöz küçələrinin yenidən qurulması istiqamətində işlərin bir hissəsi yerinə yetirilib.

Aparılan təmir-tikinti işləri çərçivəsində küçələr boyu zəruri olan yerlərdə deformasiyaya uğramış yararsız qrunt qazılıb çıxarılıb, əks dolğu işləri aparılmaqla kipləşdirmə işləri görülüb, küçələr profilə salınıb, zəruri yerlərdə optimal qum-çınqıl qarışığından yol əsası işlənilib. Artıq yol əsası hazır olan hissələrə “İnşaat Norma və Qaydaları”na uyğun olaraq küçələrə yeni asfalt-beton örtüyünün döşənməsi işlərinə başlanılıb.

Qəsəbə üzrə təmir olunan küçələrin ümumi uzunluğu 1.3 km təşkil edir.

Anoloji işlər rayonun Ələt qəsəbəsi üzrə Bağlar massivində də aparılır. İnvestisiya Proqramı çərçivəsində sözügedən qəsəbədə təmir işləri ümumi uzunluğu 3.4 km olan 5 küçə və yolda aparılması nəzərdə tutulur ki, bu istiqamətdə bir müddətdir təmir-tikinti işlərinə start verilib.

Qeyd olunan ərazilərdə təmir işlərinin həcmi ilkin olaraq cari ilin İnvestisiya Proqramı çərçivəsində ayrılmış vəsait hesabına, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında aparılır.

Növbəti mərhələlərdə Sərəncam və İnvestisiya Proqramına uyğun olaraq Qaradağ rayonu üzrə təmirə ehtiyacı olan digər küçə və yollarda da yenidənqurma işlərinin aparılması nəzərdə tutulur.

Qeyd edək ki, Prezident İlham Əliyevin Sərəncam və tapşırıqları əsasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2019-2020-ci illərdə Qaradağ rayonunun qəsəbələrini əhatə edən ümumi uzunluğu 27 km olan 30-a yaxın küçə və yola asfalt-beton örtüyü döşənib.

Təbii ki, təmiri aparılan və nəzərdə tutulan küçələr Qaradağ rayonunda vətəndaşların əsas istifadə etdiyi yollar olduğu üçün təmir-bərpa işlərinin aparılması gediş-gəlişin rahatlaşmasına, sərnişindaşımanın daha da asanlaşmasına gətirib çıxarır.

22222222