"Koroğlu"da insan izdihamı yaşanır - KORONAVİRUS mənbəyi... / FOTO

 12:46 04.05.2021     750

Bakı Nəqliyyat Agentliyinin (BNA) metronun "Koroğlu" stansiyasından Yeni Yasamal parkı istiqamətində hərəkət edən 7B saylı sərnişin avtobusunda hər gün sıxlıq yaşanır. Buna səbəb isə avtobuslar arasında intervalın uzun olmasıdır. 

Redaktor.az xəbər verir ki, həmçinin avtobus daxilində sərnişinlər karantin qaydalarına da riayət etmirlər. Sərnişinlərin əksəriyyəti demək olar ki, qoruyucu tibbi maskadan istifadə etmir. Sürücü isə öz növbəsində bu vəziyyətə etirazını bildirmir. Bu da koronavirus infeksiyasının sürətlə yayılmasına səbəb olur.

İnsanların əllərini dezinfeksiya etməsi üçün nəzərdə tutulan tibbi spirt qabı sərnişinlərin ehtiyatsız davranışı zamanı istifadəyə yararsız hala salınıb. Nəticədə sürücülər spirt qabını tamamilə yığışdırıblar.

BNA-nın Mətbuat xidmətinin rəhbəri Mais Ağayev qeyd etdiyimiz məsələlər barədə açıqlama verib. O bildirib ki, avtobus sürücüsünün tibbi maskadan istifadə etməyən sərnişinə etirazını bildirməyə və ya taxmasını tələb etməyə qanunla səlahiyyəti yoxdur:

“İnsanların maskadan istifadə edib-etməmək məsələsinə polis əməkdaşları nəzarət edir. Bizim qurumun buna müdaxilə etmək kimi səlahiyyəti yoxdur. Sürücü sərnişinə tövsiyə etməlidir ki, maska taxsın. Taxmırsa, məcbur edə bilməz”.

M.Ağayev avtobuslarda spirt qablarının olmaması mövzusuna da toxunub:

“Bəzi hallarda insanlar bilərəkdən və ya bilməyərəkdən həmin qabları sındırırlar. Onlar düşünürlər ki, var gücləri ilə vurduqda oradan spirt çıxacaq, amma o elə deyil, yavaş toxunduqda da spirt gəlir. Gün ərzində onlarla belə hal müşahidə olunur. Həmin gün və ya müəyyən müddət sonra bərpa edilir".

Aysel Hacıyeva / Redaktor.az

222222
Vumart və Güvən reklamı Vumart Güvən