Yerdəyişməyə elektron sənəd qəbulu başlayır

 13:05 05.05.2021     974

Mayın 5-də ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin elektron sənəd qəbulu başlayır.

Redaktor.az xəbər verir ki, müsabiqədə iştirak etmək üçün www.miq.edu.az/yerdeyishme linkinə daxil olaraq qeydiyyatdan keçmək lazımdır. Müsabiqənin elektron sənəd qəbulu 16 may tarixinədək davam edəcək.

Qeyd edək ki, cari tədris ilində müddətsiz müqavilə əsasında işə qəbul olunan şəxslər də müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsində iştirak edə bilərlər. Həmçinin, namizədlər müəllimlərin işə qəbulu üzrə müsabiqədə və ya diaqnostik qiymətləndirilmədə iki və ya daha çox sayda iştirak ediblərsə, onların üstünlük verdikləri balla müsabiqəyə qatılmaq hüququ var.

Eyni zamanda, müsabiqə zamanı bəzi sosial amillərlə əlaqədar namizədlərin topladıqları bal artım əmsalına vurulacaq. Belə ki, əri və ya arvadı hərbçi və ya özü şəhid ailəsinin üzvü olan namizədlərin topladıqları bal 1,1 artım əmsalına, iş yerini özünün faktiki yaşayış yeri və ya qeydiyyatda olduğu ərazidə yerləşən həvəsləndirmə tədbirləri tətbiq edilən müəssisəyə dəyişdirən namizədlərin topladıqları bal 1,05 artım əmsalına vurularaq hesablanacaq. Hər iki şərti ödəyən namizədlərin topladığı bal isə 1,1 artım əmsalına vurularaq hesablanacaq. Qeyd olunan sosial amillərin nəzərə alınması üçün namizədlər elektron qeydiyyatdan keçərkən tələb olunan xanalarda müvafiq sənədləri yükləməlidirlər.