Azərbaycanda məşqçilər fəhləlik edir - İDMAN ZALLARI BAĞLIDIR VƏ...

 11:48 17.05.2021     623

Ölkədə tətbiq olunan xüsusi karantin rejimi ilə əlaqəli olaraq uzun müddətdir fəaliyyətini dayandıran sahələrdən biri də idman zallarıdır. Vaxtaşırı məhdudiyyətlərin bir qismi aradan qaldırılsa da, idman zalları hələ də bağlı olaraq qalır. Bu, idmançılar arasında narazılığa səbəb olub.

İdmançılar tərəfindən Redaktor.az-a daxil olan şikayətlərdə bildirilir ki, uzun müddət idman zallarının qapalı qalması onların məşqlərinə mane olur. İdman yarışlarında iştirak edəcək idmançılar bununla bağlı dəfələrlə Gənclər və İdman Nazirliyinə müraciət ediblər. Lakin heç bir nəticə yoxdur.

"Alpman" taekvando klubunun rəhbəri, baş məşqçi Zahid Nadirov saytımıza açıqlamasında bildirib ki, idman zallarının uzun müddət bağlı qalması idmançılara təkcə fiziki yox, həm də psixoloji cəhətdən pis təsir edib:

“Zalların bağlı qalması nəticəsində bəzi idmançılar artıq ruhdan düşüblər, bu sahəyə qarşı soyuqluq yaranıb. Tanıdığım bir neçə məşqçilər var ki, onlar digər sahələrə üz tutmağa məcbur olublar. Elələri var ki, fəhlə işləyirlər, ailələrini dolandırmağa çalışırlar.

İdmançılar məşqçi-müəllim nəzarətindən də kənar qalıblar. Zallarda məşq etdikdə avtomatik olaraq gün rejimi, yuxu rejimi normallaşır. Zalların bağlı olmasının nəticəsində idmançılarda hətta çəki pozğunluğu da əmələ gəlib. Halbuki onlar öz formalarına daim fikir verməlidirlər”.

Zahid Nadirov bildiri ki, zalların fəaliyyətinin bərpa edilməsi zəruridir. İdmançının sözlərinə görə, bəzi idman növlərini evdə məşq etmək olur, amma əksər idman növlərində zalda məşq vacibdir:

“Müəyyən idman növlərinə uyğun spesifik hərəkətlər zal şəraitində yerinə yetirilir, idman ləvazimatlarını müəllimin əyani şəkildə göstərməsi lazımdır”.

Aysel Hacıyeva / Redaktor.az

22