Xaçmazda vətəndaşın mülkiyyət hüququ pozulur - İCRA HAKİMİYYƏTİ NİYƏ SUSUR? / VİDEO
Xaçmaz şəhər sakini Camalov Hacıverdi Heybət oğlu iddia edir ki, Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev özbaşına və qanunsuz olaraq onun xüsusi mülkiyyətində olan torpaq sahəsini əlindən alır.
Bu barədə Redaktor.az saytına şikayət edən H.Camalov bildirib ki, Xaçmaz bələdiyyəsinin 10 aprel 2003-cü il tarixli qərarı ilə bələdiyyənin ehtiyat fondu torpaqlarından ona fərdi iaşə obyektlərinin tikintisi məqsədi ilə Xaçmaz şəhəri Qələbə küçəsində 0,30 ha torpaq sahəsi satılmış, həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqları 2 iyun 2007-ci il tarixli 280704651 qeydiyyat nömrəli Çıxarışla tanınıb. O, həmin vaxtdan torpaq sahəsini mişar daşı ilə hördürməklə hasara alıb.
H.Camalov daha sonra qeyd edir: “Mən 2020-ci ilin oktyabr ayının əvvəllərində Elnur Rzayev tərəfindən Xaçmaz Rayon İcra Hakimiyyətinə çağırıldım və mənə İcra Başçısı tərəfindən açıq şəkildə mülkiyyətimizdə olan 0,30 ha torpaq sahəsini İcra Hakimiyyətinə verməyimiz tələb olundu. Mən bu qanunsuz tələbə razılaşmayaraq bildirdim ki, 2004-cü ildə sabiq İcra Başçısı Şəmsəddin Xanbabayevin təklifi ilə Xaçmaz Bələdiyyəsi tərəfindən eyni vaxtda bizə satılmış, Xaçmaz şəhəri Nəriman Nərimanov küşəsində “Xəzər” kino-teatrının yanındakı 0,10 ha torpaq sahəsini Ulu Öndərimiz Heydər Əliyevin adına salınan parkın ərazisinə qatılması üçün təmənnasız olaraq vermişəm, bu torpaq sahəsini isə sahibkarlıq məqsədi ilə istifadə edəcəyəm.
Bundan sonra Elnur Rzayevin tapşırığı ilə onun müavini Osmanov Bəxtiyar Adil oğlu 0,30 ha torpaq sahəsinin yerinə mənə çox əlverişsiz şərtlərlə, daha az sahəsi olan yararsız və başqa şəxslərə məxsus bir neçə torpaq sahəsi təklif etdi və təkliflərinə xoşluqla razılaşmasam, torpağımın zorla alınacağını bildirdi.
Mən onlara Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyətin toxunulmaz olduğunu və dövlət tərəfindən müdafiə olunduğunu, 29-cu maddəsinə müvafiq olaraq, heç kəsin məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməyəcəyini, dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız onun dəyərinin ədalətli ödəmək şərti ilə yol verildiyini bildirdim.
Ancaq görünür, Xaçmaz rayon İcra Hakimiyətinin vəzifəli şəxsləri ya Konstitusiyamızdan, Qanunlarımızdan xəbərsizdirlər, ya da onların normalarını saya salmırlar. Həmçinin, icra başçısı bizim hüquqi dövlətdə yaşadığımızı, habelə Azərbaycan Respublikası Prezidentinin sahibkarlığın inkişafına hansı həssaslıqla yanaşmasını, sahibkarları ən yüksək səviyyədə dövlət qayğısı ilə əhatə etməsini və bu barədə icra hakimiyyətlərinə verdiyi tövsiyyə və tapşırıqları unutmuşdur.
Belə ki, mən 10 oktyabr 2020-ci ildə günorta vaxtı torpaq sahəmizə gəldikdə mişar daşı ilə hördürdüyüm 3 metr hündürlüyündə olan hasarın təxminən 150 metrə yaxın hissəsinin orada işləyən tanımadığım fəhlələr tərəfindən uçurulduğunu, ekskvatorla dərin bünövrələr qazıldığını, hasardan çıxan mişar daşlarından istifadə edilərək digər inşaat işlərinin aparıldığını gördüm. Fəhlələr bu işləri İcra Hakimiyyəti Başçısının müavini Bəxtiyar Osmanovun göstərişi ilə etdiklərini bildirdilər. Həmin vaxt torpaq sahəsində olan 20-dən artıq çoxillik şam ağacları qanunsuz kəsildi. Bu barədə Ekologiya və Təbii Sərvtlər Nazirliyinin “qaynar xətti”nə məlumat versəm də, heç bir tədbir görülməyib. Habelə, göstərilən qanunsuzluqlar barəsində Xaçmaz Rayon Prokurorluğunda və Polis Şöbəsində aparılan araşdırmalar da icra başçısının “səyləri” ilə nəticəsiz qalıb.
Mən dəfələrlə mülkiyyətimə qanunsuz və özbaşına müdaxilənin dayandırılmasını tələb etsəm də, icra başçısı hər dəfə mənə başqa torpaq sahələri verəcəyini və vurulmuş ziyanın ödəniləcəyini vəd edirdi. Ancaq indi anlamışam ki, o, bilərəkdən məni yalan vədlər verməklə arxayınlaşdıraraq vaxt qazanıb və bu müddət ərzində Xaçmaz bələdiyyəsini 18 il əvvəl mənə torpaq satması barədə qərarını ləğv edərək məhkəmədə alqı-satqı aktının və çıxarışın ləğv edilməsi barədə iddia qaldırmağa zorlayıb, daha sonra Xaçmaz Rayon Məhkəməsi tərəfindən iddia tələbinin qismən tələb edilməsinə dair 23 aprel 2021-ci il tarixli qanunsuz qətnamə çıxarılmasına nail olub. Qətnaməyə əsasən, mənə 18 il əvvəl bələdiyyənin ehtiyat fondundan qanuni əsaslarla satılmış torpaq sahəsi hansısa “gözəgörünməz” qüvvənin təsiri ilə ümumi istifadədə olan torpaq sahəsinə çevrilib və alqı-satqı bu əsasla qanunsuz sayılıb.
Həmin qətnamənin tərəfimizdən apellyasiya şikayəti verilməsi ilə əlaqədar qüvvəyə minməməsinə və şikayətimizə Sumqayıt Apellyasiya Məhkəməsində baxılacağına baxmayaraq, icra başçısı qanunları heçə saymaqda, öz qanunsuz hərəkətlərini davam etməkdədir. O, bunu çəkinmədən Xaçmaz Rayon İcra Hakimiyyətinin Sumqayıt İnzibati Məhkəməsinə ünvanlanmış 03 iyun 2021-ci il tarixli məktubunda etiraf edərək mənə məxsus torpaq sahəsində inşaat işlərini apardıqlarını etiraf edib. Maraqlıdır ki, torpaq sahəsi barədə mənimlə Xaçmaz bələdiyyəsi arasında məhkəmə mübahisəsi gedirsə və bu mübahisə hələ sonlandırılmayıbsa, icra başçısı hansı əsasla və kim qismində həmin torpaq sahəsinin hasarını uçurur, hasardan çıxarılmış mişar daşları ilə özünə “obyekt” tikdirir, çoxillik şam ağaclarını qanunsuz kəsdirir?
Bundan başqa, icra hakimiyyəti sözügedən məktubunda mənim torpaq sahəmdə qanunsuz ağac kəsdiklərini etiraf etməsə də, təqdim etdiyimiz ilk və son vaxtlara aid foto və videoçəkilişlər həmin qanunsuz hərəkətləri tam təsdiq edir.
Xaçmaz Rayon İcra Hakimiyətinin vəzifəli şəxslərinin vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə qanunsuz və özbaşına hərəkətləri nəticəsində ailəmizə külli miqdarda maddi ziyan vurulub. Qanuni mülkiyyətimizdə olan torpaq sahəsinin qəsb olunaraq əlimizdən alınmasının bizə vurduğu mənəvi ziyanı isə heç nə ilə hesablamaq mümkün deyildir.
Göründüyü kimi, Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına məhəl qoymadan mənim mülkiyyət hüquqlarımı kobud surətdə pozaraq xüsusi mülkiyyətimdə olan torpaq sahəsinin özbaşına və qanunsuz olaraq qəsb edib. Bir Azərbaycan vətəndaşı kimi baş verən özbaşınalıqların ictimailəşdirilməsini, hamının, o cümlədən ölkə rəhbərliyinin Xaçmaz Rayon İcra Başçısının qanunsuz əməlləri barədə məlumatlandırılmasını və bu qanunsuzluqlara son qoylması üçün müvafiq tədbirlər görülməsini istəyirəm”.
Qeyd edək ki, vətəndaşın şikayətini araşdırmaq üçün Xaçmaz Rayon İcra Hakimiyyətində olsaq da, suallarımıza cavab tapa bilmədik. Rayon icra hakimiyyətinin təsərrüfat şöbəsindən bildirildi ki, onlar bu məsələ ilə məşğul olmurlar. Problem məhkəmədə həll olunmalıdır.
Daha sonra Xaçmaz Rayon İcra Hakimiyyəti ilə telefon əlaqəsi yaratmağa, problemi bir daha araşdırmağa çalışdıq. Lakin bu dəfə də suallarımıza cavab verən olmadı.




















