"I Beynəlxalq mediya və İslamofob Simpoziumu" keçirilib - FOTO

May ayının 25-26-sı tarixlərində Ankara şəhərində Türkiyə Respublikasının Rabitə Nazirliyi, Radio və Televiziya Ali Şurası, Diyanət İşləri Nazirliyi, Türk Radio və Televiziya Təşkilatı (TRT), Erciyes Universiteti və Siyasi, İqtisadi və Sosial Araşdırmalar Vəqfi (SETA) tərəfindən "I Beynəlxalq mediya və İslamofob Simpoziumu" keçirilib.
Redaktor.az xəbər verir ki, "I Beynəlxalq mediya və İslamofob Simpoziumu"son illərdə Türkiyədə keçirilən ən böyük tədbirlərdən biri olub. Belə ki, tədbirdə Türkiyə Respublikasının prezidenti R.T.Ərdoğan, nazirlər, millət vəkilləri, 30-a yaxın xarici ölkədən gəlmiş alimlər, elm və siyasət adamları, ilahiyyatçılar, islamşünaslar və tədqiqatçılar iştirak ediblər.
"I Beynəlxalq mediya və İslamofob Simpoziumu"na dəvət alanlar arasında Azərbaycandan iki nəfər - AMEA Folklor İnstitutunun “Müasir Folklor” şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Tahir Orucov və AMEA Rəyasət Heyəti aparatının Elmi Təşkilat İdarəsinin “Elmi planlaşdırma və monitorinq” şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru Vüsal Zülfüqarov da olub.
İki gün davam edən konfransda ölkə daxilindən, xarici ölkələrdən, eləcə də Azərbaycandan qatılan elm adamlarının və tədqiqatçıların 157 məruzəsi dinlənilib. Simpoziumun açılışında R.T.Ərdoğan geniş və məzmunlu məruzə ilə çıxış edib.
"Sözlərimə qarşımızdakı məsələnin İslamofobiya yəni, "İslam qorxusu" deyil, birbaşa İslam düşmənçiliyi olduğunu bildirmək istəyirəm. ABŞ administrasiyasının 11 sentyabr hücumundan sonra start verdiyi müsəlmanları şeytanlaşdırma strategiyası bir çox cəmiyyətin ənənəsində mövcud olan İslam düşmənçiliyi virusunu tətikləyən bir iş oldu", - R.T.Ərdoğan vurğulayıb.
Tədbirdə həmçinin, Türkiyənin xarici işlər, ədliyyə, səhiyyə nazirləri, Diyanet işləri naziri, millət vəkilləri, eləcə də nüfuzlu təşkilat rəhbərlərinin İslamafobiyaya aid müxtəlif mövzulu məruzələri də dinlənib və böyük maraqla qarşılanıb.
Simpoziumuda Azərbaycandan dəvət edilən alimlər, filologiya üzrə fəlsəfə doktoru, dosent Tahir Orucov “Batı Dışı Toplumlarnda: Müslüman Toplumlarında İslamafobi” və fəlsəfə üzrə fəlsəfə doktoru Vüsal Zülfüqarov isə “Batı Medyasında İslamafobik Fikirlerin Tanıtımı” məruzələri ilə çıxış ediblər.

