Bakı-Moskva aviareysinin sayı artırılır

 15:14 01.06.2021     120

“Azərbaycan Hava Yolları” QSC (AZAL) Bakı-Moskva (Domodedovo hava limanı) və əks istiqamətdə xüsusi reyslərin sayı artırır.

AZAL-dan Redaktor.az-a verilən məlumata görə, hər həftə həyata keçirilən iki reysə (çərşənbə və bazar günləri) 14 iyundan etibarən bazar ertəsi günləri həyata keçiriləcək daha bir reys əlavə olunacaq.

Qeyd olunan reyslərə biletləri aviaşirkətin www.azal.az rəsmi saytından, həmçinin aviaşirkətin akkreditə olunmuş agentliklərindən əldə edə bilərsiniz.

Qeyd edək ki, daşınmaya mövcud epidemioloji məhdudiyyətlər şəraitində uçuşa icazəsi olan kateqoriyadan sərnişinlər qəbul ediləcək.

Bakı-Moskva istiqaməti üzrə reyslərin sərnişinləri:

-Rusiya ərazisinə giriş hüququna malik olmalıdılar. Pandemiya dövründə Rusiya Federasiyası ərazisinə giriş qaydaları ilə aviaşirkətin saytında aşağıdakı keçid vasitəsilə tanış ola bilərsiniz: https://www.azal.az/az/information/covid-russia;

-koronavirus infeksiyasının olmaması barədə arayış almalıdırlar. Azərbaycanda COVID-19 infeksiyasına dair testdən keçə biləcəyiniz klinikaların siyahısı aviaşirkətin saytında dərc edilib: https://www.azal.az/az/information/covid-clinics.

Moskva-Bakı istiqaməti üzrə reyslərin sərnişinləri:

-Azərbaycan ərazisinə giriş hüququnun olub-olmadığını yoxlamalıdırlar. Azərbaycan ərazisinə giriş icazəsi olan şəxslərin kateqoriyasının siyahısı ilə aşağıdakı keçiddən istifadə etməklə tanış ola bilərsiniz: https://www.azal.az/az/information/covid-azerbaijan.

-koronavirus infeksiyasının olmaması barədə arayış almalıdırlar. Testin nəticəsində QR-kodun olması tövsiyə olunur, həmin kodun həqiqiliyi qeydiyyat masalarında yoxlanılacaq. Rusiya klinikalarının siyahısı ilə aşağıdakı keçid vasitəsilə tanış ola bilərsiniz: https://www.azal.az/az/information/covid-russia. Tərəfdaş klinikalar şəbəkəsi genişləndikcə siyahıya əlavələr ediləcəkdir.

Sərnişinlər COVID-19 testinin nəticəsinin uçuşdan əvvəl 48 saat ərzində etibarlı olduğundan əmin olmalıdırlar. //APA