Azərbaycan neftdən nə qədər qazanır? - HƏR GÜN ƏLAVƏ PUL GƏLİR...

Dünya bazarında neftin qiyməti artaraq 71 dolları keçib.
Redaktor.az xəbər verir ki, OPEC ölkələrində hasilatı gözləniləndən daha az artması və qlobal tələbin çoxalması neftin qiymətini yüksəldib. Bazarda “Azeri Light” markalı neftin 1 bareli olan qiyməti 0,9 ABŞ dollar və ya 129% artaraq 71,57 dollar təşkil edib.
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban bazarda neftin qiymətinin birdən-birə artaraq 71 dolları keçməsini bir neçə səbəblə izah edib. Onun sözlərinə görə, burada əsas səbəb neft ixrac edən əksər ölkələrin COVID-19 pandmiyası ilə bağlı karantin qaydalarının yumşaldılması səbəbindən enerjiyə olan tələbatın artmasıdır. Həmçinin, ölkələrdə vaksinasiya prosesinin sürətlənməsi enerjiyə tələbatı artırıb.
İ.Şaban bildirib ki, Hindistanın koronavirusla yaşadığı problemlərin geridə qalmasl da neftin qiymətinin artmasına təsir edib.
Dünya bazarında neftin qiymətinin artması Azərbaycana necə təsir göstərəcək?
“Neftin qiymətinin yüksəlməsi enerji ixrac edən ölkələrin, o cümlədən Azərbaycanın gəlirlərini artıracaq. Ölkəmizin ümumi ixracatının 85%-nin enerji məhsulları olduğunu nəzərə alsaq, neftin hər barelində qiymət artımları ölkəmiz üçün əlavə pul deməkdir", - deyə İ.Şaban əlavə edib.
Mütəxəssis dünyada qlobal vaksinasiyanın genişlənəcəyi halda neftə tələbatın daha da artacağını qeyd edib.
Aysel Hacıyev / Redaktor.az