Azərbaycanda yaxın günlərdə toylara icazə veriləcək? - MİLLƏT VƏKİLLƏRİ AÇIQLADI

 12:10 11.06.2021     1486

Nazirlər Kabineti yanında Operativ Qərərgah ötən gündən etibarən idman zalları, ticarət mərkəzləri, çimərliklərin açılmasına icazə verib.

Redaktor.az xəbər verir ki, cəmiyyəti düşündürən əsas məslələrdən biri də toy mərasimlərinə nə zaman icaz veriləcəyidir. 

Nəzərə alsaq ki, bu qadağa pandemiya dövründə bir çox insanı işsiz qoyub, Nəticədə işsiz qalan insanlar maddi çətinliklərlə üzləşiblər. 

Millət vəkili Ceyhun Məmmədov Redaktor.az-a açıqlamasında bildirib ki, toyların keçirilməsinə qoyulan qadağa Azərbaycanda əhalinin artımına ciddi şəkildə təsir göstərəcək:

“Bu qadağa ilə bağlı acı nəticələri önümüzdəki illərdə görəcəyik. Doğum sayı azaldığı üçün əhalinin sayında da azalma müşahidə ediləcək. 

Virusa yoluxmada son günlər azalma var. Nəticədə bir sıra sahələrdə qadağalar ləğv edilib. Hesab edirəm ki, Operativ Qərargah müəyyən normalar daxilində bu məsələyə baxmalıdır. Konkret say, qaydalar qoymaqla toyların keçirilməsinə icazə verilməlidir. Məsələn, açıq havada keçirilmə, insan sayı məsələsini gündəmə gətirmək olar. Bu proses mərhələli, düşünülmüş şəkildə həyata keçirilməlidir”.

Millət vəkili Azər Badamov da Operativ Qərərgahı toyların keçirilməsi ilə bağlı məsələyə yenidən baxmağa çağırıb. O qeyd edib ki, bu qadağanın da aradan götürülməsi vaxtı çatıb:

“Çox sevindirici haldır ki, pandemiya ilə mübarizədə uğurlu nəticələr əldə etmişik və bir çox yumuşalmalara getməyimizə imkan yaranıb. Artıq həyat öz axarı ilə davam etməyə başlayıb, bir çox sahələrdə fəaliyyət qaydalar çərçivəsində bərpa olunub. Amma bəzi sahələrdə məhdudiyyətlər qalıb, onlardan biri də toyların keçirilməsidir. Düşünürəm ki, bu qadağanın da aradan qaldırılması zamanı gəlib çatıb”.

O hesab edir ki, bu gün restoranların fəaliyyətinə icazə verilib, orada toylarda olduğu qədər insanlar bir yerdə cəmləşir. Bu baxımdan toyların keçirilməsinə qoyulan qadağa başa düşülən deyil:

“İki ilə yaxındır ki, gənclər ailə həyatı qurmurlar, digər tərəfdən isə toyların keçirilməsi iqtisadiyyata da böyük gəlir gətirəcək. Hazırda bir çox şadlıq saraylarının fəaliyyəti dayandırılıb, orada çalışan minlərlə insan işsiz qalıb. Düşünürəm ki, bir neçə sahəyə təsir göstərən toyların keçirilməsinə icazə verilməlidir”.

Millət vəkili Arzu Nağıyev isə bildirib ki, yumuşalmaya yeni gedilib, bir müddət sonra yoluxma sayının artmayacağı barədə kimsə zəmanət verə bilməz. Buna görə də 500-1000 nəfərlik toyların keçirilmsinə qarşıdır:

“Biz çox gözəl bilirik ki, az insan ilə toy şənlikləri keçirən yetərincə ailələr var. Mən buna etiraz da etmirəm, amma gəlin yaddan çıxartmayaq ki, koronavirus hələ də məhv olmayıb. Təklif edirəm ki, Operativ Qərərgah bu məsələni bir daha nəzərdən keçirsin. Yoluxma sayında azalma müşahidə edilir, yay mövsümüdür, bəzi şadlıq saraylarının açıq havada şənliklər keçirtmək üçün məkanları var, insanlar ora üz tutsunlar, ara məsafəsi saxlamaqla, az sayda qonaqla toylarını keçirsinlər.

Paytaxt restoranlarında əsasən həftə sonları baş tutan qonaqlıqlardan və tədbirlərdən xəbərim var. Orada olan insan sayı, sıxlığın toyda olanlardan heç bir fərqi yoxdur. Buna görə də, müəyyən məhdudiyyətlərlə toyların keçirilməsi mövzusuna baxılmalıdır”.

Aysel Hacıyeva / Redaktor.az