Gömrük rüsumları onlayn alış-verişi "ÇÖKDÜRÜR" - EKSPERT RƏYİ

 14:20 17.06.2021     619

Qiyməti 700 manat olan texnikanı xarici ölkədən sifariş verdikdə, Dövlət Gömrük Komitəsi rüsum olaraq sifarişçidən 170-200 manat civarında rüsum tələb edir.

Redaktor.az xəbər verir ki, xarici ölkədən mal sifariş verərkən bu kimi hallarla tez-tez rastlaşan insanlar qoyulan rüsumun çox olduğundan gileylənirlər.

İqtisadçı ekspert Natiq Cəfərli saytımıza açıqlamasında bildirib ki, Azərbaycanda ötən il rüsumsuz ölkəyə sifariş edilən məhsullarda dəyişiklik edildi. Bundan öncə 1000 dollara qədər qiyməti olan əşyanı sifariş etmək mümkün idi, indi bu 300 dollara endirilib:

“Qiyməti 300 dollardan yuxarı olan istənilən məhsulun gömrük rüsumu və əlavə dəyər vergisi hesablanmaqla, gömrükdən keçməsi münkündür. Bundan öncə istənilən Azərbaycan vətəndaşı ayda bir dəfə ümumi dəyəri 1000 dollar olmaqla istədiyi məhsulu rüsumsuz sifariş edə bilirdi, ancaq çatdırılma ödənişini edirdi.

Bütün dünyanın onlayn alış-verişə keçdiyi dövürdə bizdə qiymətlərin qaldırılması normal deyil. Bunu zamanında çox müzakirə etdik, amma dəyişiklik olmadı. Azərbaycan gömrüyünün qeyri rasional addım atması cəmiyyətdə insanlar arasında pis qarşılanıb.

Qanunvericilik bunu tələb edir, amma mən düşünürəm ki, indiki dönəmdə bu qaydaların dəyişilməsi tamamiylə səhvdir. Bu onlayn ticarətin sürrətlə yayılmasına qarşı olan bir dəyişiklikdir”.

Aysel Hacıyeva / Redaktor.az

2