Azərbaycanda qızıl bahalaşacaq? - AÇIQLAMA
Bildiyiniz kimi, iyul ayının 1-dən etibarən toy, nişan, ad günlərinin keçirilməsinə icazə verilib.
Redaktor.az xəbər verir ki, bir çox insanın 1 il 3 ay gözlədiyi məqam gəlib çatıb. Toy etmək üçün şadlıq saraylarına, gözəllik və gəlinlik salonlarına yazılan insanların sayı çoxalıb.
Bəs görəsən, qızıl-zinət əşyalarının satıldığı məkanlarda vəziyyət nə yerdədir?
Toylarla bağlı çıxan qərardan sonra artıq paytaxtda yerləşən Moskva univermağı, eləcə də Bakı univermağında canlanma başlayıb. Univermaqdan bildiriblər ki, qərar çıxar-çıxmaz insan axını başlayıb. Qızıl və zinət əşyalarının üzərində olan qiymətlər isə stabil olaraq qalır.
Satış meneceri Arifə Məmmədova bunları qeyd edib:
“Pandemiya dövründə əgər 5 insan alış-veriş edirdisə, biz onlara böyük endirimlər edirdik, bilirdik ki, alıcı azdır. Amma hazırda gördüyünüz kimi canlanma var, hər kəs toy günü üçün gəlininə, yaxınına hədiyyə olaraq nəsə alır, bu səbəbdən cüzi endirimlər edirik. Bilirik ki, onsuz da alıcı sayı çoxdur”.
Aysel Hacıyeva / Redaktor.az












