Bakıda bu şadlıq evlərində qiymətlər qalxıb - 80-120 manat... / SİYAHI

 13:41 24.06.2021     660

Çoxdandır gözlənilən toy, nişan və ad günlərinin keçirilməsinə icazə verilməsi adi insanların, eləcə də şadlıq evləri və restoran işlədən şəxslərin üzünü güldürdü.

Bəs görəsən, şadlıq saraylarının sahibkarları pandemiya zamanı onlara dəyən zərəri bərpa etmək üçün qiymətlərdə nə kimi dəyişikliklər ediblər?

Redaktor.az bu mövzu ətrafında araşdırma aparıb. Paytaxtdakı bir neçə şadlıq sarayının qiymətlərini sizə təqdim edirik:

“İmperial” şadlıq sarayının adminstratoru bildirilib ki, toyların keçirilməsinə icazə verildikdən sonra zənglərin sayı çoxalıb: “İnsan axını çoxdur, amma biz menyuların qiymətlərində ciddi dəyişiklik etməmişik. Digər şadlıq sarayları ilə müqayisədə cüzi bir artım olub”.

 “Neolit City” şadlıq sarayının meneceri açıqlamasında bildirib ki, toyların keçirilməsinə icazə verilsə də, adam sayına qoyulan məhdudiyyət qane etmədiyindən, fəaliyyət göstərmirlər:

“Bizim şadlıq sarayı 350 nəfərdən 800 nəfərə qədər nəzərdə tutulub. Operativ Qərargahın qoyduğu şərtlər ilə restoran işlətmək bizə sərf etmir. Bizim zalın tutumu yüksək olduğundan, 150 nəfərə görə işlətmək düzgün deyil, qiymət baxımından əlverişli hesab etmirik. Qiymətləri qaldırmaq istəmirik, bu səbəblə fəaliyyət göstərmirik. Qiymətlərə gəldikdə isə, menyularımız 120 AZN-dən başlayır”.  

“Su səsi” şadlıq sarayından bildirilib ki, qərardan sonra zənglərin ardı-arası kəsilmir. Toy etmək istəyənlər sıraya düzülüblər. Şadlıq evləri daxilində hazırlıqlar artıq yekunlaşıb, stol və stullar pandemiya şəraitinə uyğun yerləşdirilib. Artıq menyuların qiymətləri də hazırdır. Say məhdudiyyətinə qoyulan ciddi tələblər şadlıq evlərində qiymətlərin xeyli artmasına səbəb olur. Sözügedən şadlıq sarayında qiymətlər 80 manatdan başlayır, yemək çeşidlərinə görə qiymətdə dəyişiklik olur.

 “Park Meridian” şadlıq sarayından isə bildirilib ki, təmir işləri getdiyinə görə, fəaliyyət göstərmir.

Aysel Hacıyeva / Redaktor.az