Gün vurmasından necə qorunmaq olar? - AÇIQLAMA

 15:21 24.06.2021     292

Yay mövsümündə havanın və xüsusilə də dəniz suyunun hərarətinin yüksək olması çimərliklərə gedən insanların sayının artmasına gətirib çıxarır.

Redaktor.az xəbər verir ki, günün çox hissəsini qızmar günəş altında çimərlikdə keçirmək, uzun müddət fasiləsiz işlə məşğul olmaq insanları gün və isti vurma kimi real təhlükələrlə üzləşdirir. Gün və isti vurma halları - insan orqanizminin həddindən artıq qızması nəticəsində baş verir.

Həkim terapevt Sübhan Hacıyev saytımıza açıqlamasında bildirib ki, bu cür hallara ən çox uşaqlar, artıq çəkili insanlar, ürək-damar və endokrin (daxili ifrazat) xəstəliklərindən əziyyət çəkənlər məruz qalır. Son zamanlar günəş ildən-ilə daha çox ultrabənövşəyi şüalar saçdığına görə gün və isti vurma faktları geniş yayılıb:

“Heç bir tədbir görülməsə, isti hava insan sağlamlığına ciddi təhlükə yarada bilər. Yaşlılar, uşaqlar və xroniki xəstəliyi olan insanların, xüsusilə sağlam insanların günəş şüalarının ən təsirli olduğu günorta saatlarında - 11:00 və 16:00 radələrində çölə çıxmamaları tövsiyə edilir. Qlobal istiləşmənin səbəb olduğu isti havalar bütün dünyada olduğu kimi ölkəmizdə də bir çox insanın sağlamlığına ciddi təsir dir. Qızdırma, tərləmə, halsızlıq, baş ağrısı, qusma gün vurmanın əsas əlamətləridir. Yardım göstərilmədikdə, xəsarət alan huşunu itirir, təngnəfəs olur, nəbzi sürətlənir, ürək fəaliyyəti pozulur. Belə vəziyyətdə xəsarət alan  dərhal kölgəli yerə çəkilməli, sinəsi açılmalıdır, qazsız su verilməlidir. Vaxt itirmədən həkim nəzarətinə alınmalıdır”.

Aysel Hacıyeva / Redaktor.az