Göyçayda baş həkim XƏSTƏXANADA qumarxana açıb... - ŞOK İDDİA / FOTO

 11:25 02.07.2021     1327

Göyçay rayon Mərkəzi Xəstəxanasının baş həkimi Elçin Bilalovun korrupsiya əməlləri ilə bağlı şok iddialar səsləndirilib. 

Bu barədə Redaktor.az-a  şikayət edən Göyçay rayon sakinləri (Əliyev Mətləb Famil  oğlu, Qədirov Zamiq Nazim oğlu Salmanova Səmayə Yusif qızı, Nuriyeva Nisə Məhəmməd qızı)  bildiriblər ki, Elçin Bilalov xəstəxananın həyətində kafe açıb və sözügedən obyekt qumarxana kimi fəaliyyət göstərir:

“Orada hər gün spirtli içkilər satılır, domino, nərd və kart qumarları oynayırlar. Gecə saat 3-ə kimi həmin kafedə sərxoş və qumar oynayan insanların səs-küyündən xəstələr palatalarda yata bilmirlər ki, bu da onların müalicəsinə çox pis təsir göstərir. Sərxoş olan, qumarda sözü tərs gələnlər hətta ucadan nalayiq söyüşlər söyürlər".

Şikayətçilər bildirib ki, baş həkim Elçin Bilalova məxsus kafe-qumarxananın stolları xəstəxananın həyətinin hər yerinə qoyulub:

“Bu mənzərəni görən dəhşətə gəlir ki, dövlət xəstəxanasının həyətində kafe-qumarxana açılıb. Xəstələri, müayinə və müalicəyə gələn insanları görməzdən gələn baş həkimin psixoloji probleminin olduğunu deyirlər. Hətta onun daima psixotrop dərmanlar qəbul etdiyi söylənilir. Bu isə inandırıcıdır, çünki ağıllı insan belə bir səhvə yol verib xəstəxananın həyətində kafe-qumarxana açmaz. Dövlət xəstəxanasını özəl şirkəti kimi idarə edən Elçin Bilalov az qala xəstəxananın həyətində bazar açsın.

Onun qanunsuz əməlləri barədə biz Səhiyyə Nazirliyinə, TƏBİB və digər dövlət orqanlarına mürciət etmişik".

Qeyd edək ki, bu iddialarla bağlı Göyçay rayon Mərkəzi Xəstəxanasının baş həkimi Elçin Bilalovla əlaqə saxlamağa çalışsaq da, zəngimizə cavab vermədi.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Şəbnəm Mehdizadə / Redaktor.az

22222