Bakıda toydan sonra nağara... - İÇKİ VƏ YEMƏK QADAĞASI!

Pandemiya ilə bağlı olaraq il yarımdan artıqdır ki, toyların keçirilməsinə qoyulan qadağa nəhayət ləğv olundu. Evliliyə hazırlaşan bütün subaylar Operativ Qərargahın bu qərarını sevinclə qarşılasa da, vəziyyət heç də əvvəlki kimi olmadı. İlk növbədə onu qeyd edək ki, pandemiya ilə bağlı restoranlarda ciddi qiymət artım müşahidə olunur. Əvvəlki qiymətlərlə müqayisədə hər bir menyunun qiyməti ən az 10-13 manat bahalaşıb. Belə görünür ki, sahibkarlar pandemiyada dəymiş zərəri əhalidən çıxarmağa çalışır.
Maraqlı məqam isə budur ki, menyudan qalan məhsulları restoranlar özümüzə qaytarmır. Baxmayaraq ki, bu menyunun bütün pulunu ödəmişik. Bəs görəsən bu bütün restoranlarda belədir?
Mövzu ilə bağlı Redaktor.az olaraq restoranlar arasında sorğu keçirdik.
"Meridian" restoranından sorğumuza cavab olaraq bildirildi ki, yeməklər və digər ərzaq məhsulları paket halında toy sahiblərinə verilir. Lakin içkilər heç bir halda qaytarılmır.
“Pluton” restoranında da istifadə edilməmiş içkilər toy evinə geri qaytarılmır: “Menyuda da qeyd olunur ki, içkilər restorana məxsusdur. Lakin isti yeməklər toy sahibinə qaytarılır".
“Cıdır düzü” restoranından qeyd edildi ki, toy zamanı müştəriyə təklif edilən menyu limitsizdir: “Bəzən elə olur ki, menyudan əlavə tələblər də olur. Bütün bunların xərclərini restoran qarşılayır. İçkilər toy edən ailəyə o zaman geri qaytarılır ki, müəyyən limit tətbiq olunur. Amma limitsiz menyuda müştəriyə içki qaytarılmır”.
“Versal” restoranın adminstratoru bildirdi ki, bu qayda Bakıda əksər restoranlarda belədir: “İstifadə olunmamış içkilər restorana qalır. Bu qaydaya əsasında qonaqlar istədiyi qədər yeyib-içə bilər. Amma içkiləri aparmağa icazə yoxdur”.
"Azad İstehalkçılar" Birliyinin sədri Eyyub Hüseynov deyib ki, toy məclislərində tələb olunan heç bir standartlara əməl olunmur:
“Restoranlarda kondisionerin temperaturundan tutmuş musiqinin səsinə kimi bütün mexanizm qonaqların məclisi erkən vaxtda tərk etməsinə hesablanıb. Burada əsas məqsəd də eynidir, hər şeyi mənimsəmək. Təsəsüflər ki, restoranlarla istehlakçı arasında müqavilə bağlanmır. Toy böyük bir xidmət sahəsidir. Burada mütləq müqavilə bağlanmalı və ən kiçik detallar belə qeyd olunmalıdır. Lakin heç istehlakçıya kassa çeki verilmir”.
E.Hüseynov qeyd edib ki, toydan sonra qalan içkilər və yeməklər istehlakçının istəyindən asılıdır:
“Həmin içkilər restorana hədiyyə verilə, yaxud istehlakçı tərəfindən tam miqdarda götürülə bilər”
Şəbnəm Mehdizadə