Azərbaycanda adları SİRR kimi gizli saxlanılan ŞƏXSLƏR - QƏRARI ONLAR VERİR...

 11:18 13.07.2021     2051

Medianın İnkişafı Agentliyinin saytlara maliyyə vəsaitinin ayrılması ilə bağlı elan etdiyi müsabiqənin nəticələri birmənalı qarşılanmadı. Siyahıda elə saytların adı var ki, tələb olunan kriteriyalara cavab vermədiyi deyilir. Bütün bunların fonunda hər kəsi düşündürən suallar var - Bu qalibləri hansı ekspertlər seçib? Agentlik ekspert siyahısını niyə ictimaiyyətə açıqlamır?

Əməkdar jurnalist, media eksperti Qulu Məhərrəmli Redaktor.az-a açıqlamaısnda bildirib ki, müsabiqənin keçirilməsində iştirak edən ekspertlərin ictimaiyyətə açıq olması arzuolunandır:

"Mediaın İnkişafı Agentliyi bunu məqbul hesab etmirsə və ekspertlərin adlarını açıqlamırsa, bu, onların hüququdur. Lakin mən hesab edirəm ki, ekspertlərin adları ictimaiyyətə açıqlanmalıdır. Çünki hər şey şəffaf şəkildə olmalıdır".

O qeyd edib ki, qalib olan saytlar arasında kriteriyalara uyğun olanlar da var, olmayanlar da:

“Amma bir şeyi nəzərə almalıyıq ki, dünyada heç bir şey mütləq şəkildə ədalətli deyil. Qalib saytların siyahısında elə adlar var ki, ilk dəfədir eşidirəm. Əsas məsələ odur ki, belə maliyyə vəsaitləri o saytları nə qədər vaxta kimi ayaqda saxlayacaq? Həmin saytlar cəmiyyət üçün nə dərcədə faydalı və keyfiyyətli informasiya hazırlayan media qurumu olacaq?”

Media eksperti, tanınmış jurnalist Zeynal Məmmədli qeyd edib ki, burada əsas məsələ ümumlikdə Azərbaycanda media sahəsində olan problemlərdir:

“Medianın inkişafı üçün nələrə diqqət verilməlidir? Hesab edirəm ki, ilk növbədə Azərbaycanın media-reklam bazarının durumu araşdırılmalıdır. Media qurumu kimdənsə yardım almalı deyil, özü-özünü maliyyələşdirilməlidir. Məncə problem daha dərindir. Əgər bu məsələlər çözülməsə, digər məsələlər də öz həllini tapmadan mübahisələrə səbəb olacaq”.

Şəbnəm Mehdizadə