Əlillik dərəcəsinin verilməsi ilə bağlı YENİLİKLƏR OLACAQ

Son günlər əlilliyin təyinatı ilə bağlı cəmiyyətdə müxtəlif narazılıqlar var. Sosial mediada hər gün bu barədə onlarla şikayət yazılır. Bir çoxları iddia edir ki, sözügedən sahədə korrupsiya halları var. Bəzən hətta aidiyyatı qurumlar tərəfindən əlini, ayağını itirmiş insanlara əlillik dərəcəsi verilməkdən itmina edilir.
Bəs görəsən əlilliyin təyinatı hansı meyarlar üzrə təyin olunur?
Mövzu ilə bağlı Redaktor.az-ın suallarını Əmək Hüquqları Müdafiə Liqasının sədri Sahib Məmmədov cavablayıb. O bildirib ki, hər xəstə adama əlillik dərəcəsi verilmir:
“Kiminsə xəstə olması ilə ona dərhal əlillik təyinatı verilmir. Hansısa şəxsin ürək çatışmazlığı, şəkər xəstəliyi varsa, ona əlillik verilə bilməz. Çünki orqanlarının funksiyası qismən pozulsa da, əlil deyil. Əlillik dərəcələri 2015-ci ildə təsdiq edilən meyarlarlara görə 3 qrupa bölünür.
Məsələ burasındadır ki, xəstəxanda Forma-88, Forma-2 həkim-məsləhət komissiyası tərəfindən verilir və müvafiq quruma göndərilir. Bəziləri iddia edir ki, bu sənəd düzgün doldurulmur. Təbii ki, belə hallar var. Əvvəllər korrupsiya halları daha çox idi. Həkim tərəfindən verilən rəylər həqiqəti əks etdirmirdi. Son dövrlərdə saxta əlilliyə qarşı müabrizə tədbirləri gücləndirilib. Həkim-məsləhət komissiyası daha saxtakarlıq edə bilmir. İndi ƏƏSMN tərəfindən Forma-88 əsasında əlillik müəyyən edilir, yaxud imtina edilir. Belə olan halda şikayət etmək, təkrar müayinədən keçmək olur”.
Ekspert bildirib ki, narazılıqların bəzisi haqlı, bəzisi haqsızdır:
“Ona görə də hökumət fikirləşir ki, yeni meyarlar qəbul edilməlidir. Yeni meyarlar 2019-cu ildə hazırlanaraq Nazirlər Kabinetinə təqdim edilib. Orada əlilliyin müəyyən olunma kriteriyaları və dərəcələri dəyişib. Bununla bağlı Milli Məclisdə "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Qanuna da müvafiq dəyişiklik edilib. Nazirlər Kabineti bu qərarı təsdiqləməyib. Hesab edirəm ki, yeni meyarlar neqativ halların aradan qaldırılmasında effektiv vasitə olacaq”.
Şəbnəm Mehdizadə