Bakını bürüyən naməlum TÜSTÜ - SAAT 6-DAN SONRA...

 10:02 20.07.2021     1127

Toyların keçirilməsinə qoyulan qadağanın ləğvi hər kəsi sevindirdi. Lakin yadımızdan çıxan müəyyən problemlər yenidən üzə çıxdı. Bunlardan biri də restoranların yaratdığı səs-küy və insanların sıx yaşadığı ərazidə havanı korlayan yemək tüstüləridir. Artıq paytaxtın bəzi yerlərində əhali narazılığını dilə gətirib.

Mövzu ilə bağlı Redaktor.az saytının suallarını ekoloq Fəqan Əliyev cavablayıb. O bildirib ki, əhali sosial məsuliyyətini dərk etməlidir:

“Bizim cəmiyyət bütün problemlərin dövlət tərəfindən həll olunmasını gözləyir. Lakin xalq olaraq öz sosial məsuliyyətimizi dərk etmək istəmirik. İnsanlarımız müəyyən sosial-ekoloji problemlərin həllində iştirak etməlidir. Toyların keçirilməsinə qoyulan qadağa ləğv edildikdən sonra yenə də əvvəlki toy adətləri davam edir. Axşam vaxtı ağır yeməklər yeyilir, məsrəflər edilir. Əsas məqsəd ailə quran iki gəncə dəstək olmaqdır. İki saat ərzində yemək yeməsək də olar. Beləliklə həm lazımsız xərclərdən qurtularıq, həm də ekologiyanı korlamarıq”.

Ekspert bildirib ki, bu lazımsız adətlərdən işbazların gəlir mənbəyinə çevrilib:

“Təbii ki, aidiyyatı qurumlar bu istiqamətdə müəyyən tədbirlər görərsə məqsədəuyğun olar. Amma yenə də qeyd edirəm ki, insanlarımız özü bu məsələdə aktiv iştirak etməlidir. Əgər tələb olmasa təklif də olmayacaq. Biz özümüz bu adətlərdən xilas olmağa çalışmalıyıq, onda bütün problemlər həll olacaq”.

Şəbnəm Mehdizadə