Jurnalistlər üçün tikilən üçüncü bina kimlərə veriləcək? - "132 NƏFƏR..."

 13:19 27.07.2021     1437

Bir neçə gün öncə bir qrup jurnalist və fəallar jurnalistlər üçün nəzərdə tutulan üçüncü binanın şəhid və qazilərə verilməsinə dair müraciət ediblər. Lakin bu müraciət cəmiyyətdə birmənalı qarşılanmadı və hətta ciddi etirazlara səbəb oldu. Uzun müddətdir o binadan ev almaq niyyətində olan jurnalistlər sosial mediada etiraz səsini yüksəltdi.

Müraciətə etiraz edənlərdən biri də “Yenisabah.az” saytının baş redaktoru Seymur Verdizadə olub. Məsələ ilə bağlı Redaktor.az-a açıqlama verən baş redaktor deyib ki, Azərbaycanda jurnalistlərlə şəhid və qazi ailələrini üz-üzə qoymaq çox yanlış siyasətdir:

“Mən bunu təxribat kimi qiymətləndirirəm. Jurnalistlər hər zaman şəhid və qazi ailələrinin problemlərinə son dərəcə həssaslıqla yanaşıblar və onların problemlərini ictimailəşdiriblər. Bu, bizim vəzifə borcumuzdur. Hesab edirəm ki, Azərbaycan dövləti şəhid və qazi ailələrinə kifayət qədər diqqət və qayğı göstərir. İndiyədək şəhid ailələrinə 4 mindən artıq mənzil təqdim olunub. Məcburi köçkünlərə mənzillərin verilməsi dayandırıldıqdan sonra hazır mənzillər ƏƏSMN-in fonduna köçürülüb. Azərbaycan dövləti şəhid və qazi ailələrinin problemini həll etməyə qadirdir”

S.Verdizadə bildirib ki, ayrı-ayrı şəxslər və məmurlar şəhid və ya qazi adından istifadə edib, öz reklamlarını aparmamalıdır:

“Bu bina jurnalistlər üçün tikilib. Hazırda sosial vəziyyəti aşağı olan jurnalistlərin sayı kifayət qədərdir. Onların həqiqətən mənzilə ehtiyacı var. Kirayələrdə qalan, aldığı maaşla ilə heç zaman mənzil sahibi ola bilməyən jurnalistlər o binadan mənzillə təmin olunmalıdır”.

Müraciətə imza atan “Azvision.az” saytının baş redaktoru Vüsal Məmmədov isə bildirib ki, burada ciddi etiraza səbəb olacaq məqam yoxdur:

“O müraciəti biz imzalamışıq, tərəfimiz bəllidir. Bu fikirlə razı olmayan şəxslər də öz müraciətlərini imzalayıb. Bizim müraciətdə 38 imza varsa, onların müraciətində 132 imza var. Hesab edirəm ki, hər kəsin öz fikrini ifadə etməyə haqqı var. Biz qarşı tərəfi nədəsə ittiham etmirik, neqativ fikirlər səsləndirmirik. Düşünürəm ki, qarşı tərəf də məsələyə bu cür yanaşmalıdır. Bu, bizim təklifimiz və mövqeyimizdir”.

Şəbnəm Mehdizadə / Redaktor.az

Vumart və Güvən reklamı Vumart Güvən