Heydər Əliyev prospektində nə baş verir? - BNA TELEFONLARA CAVAB VERMİR!

 11:41 05.08.2021     1377

Bakı Nəqliyyat Agentliyi (BNA) yarandığı zaman ölkədə nəqliyyat sahəsində ciddi islahatlar aparılacağı gözlənilirdi.  Təəssüf ki, bu qurum ona olan inamı doğrulda bilmir. Hər gün paytaxtın müxtəlif ərazilərində tıxac, parklanma, ictimai nəqliyyatla bağlı onlarla şikayət daxil olur. 

Redaktor.az xəbər verir ki, BNA ilə bağlı ən çox şikayət daxil olan ərazilərdən biri də Heydər Əliyev prospekti, metronun "Koroğlu" stansiyasının çıxışlarıdır. 

Paytaxtın ən işlək yollarından biri hesab edilən bu prospektdə hər gün saatlarla tıxac olur. Bunun əsas səbəblərindən biri də qeyri-qanuni şəkildə fəaliyyət göstərən taksilərdir. El arasında “1 manatlıq” taksi adlanan bu avtomobillər sözügedən ərazidə uzun tıxac yaradırlar. Lakin heç bir qurum, xüsusilə BNA bu problemin həlli üçün ciddi addım atmır.

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin Mətbuat xidməti ilə əlaqə saxlamağa çalışsaq da, 3 iş günü ərzində suallarımıza cavab ala bilmədik. Mətbuat xidmətinin rəhbəri Mais Ağayev dəfələrlə açıqlama verəcəyini bildirsə də, suallarımız cavabsız qaldı. 

Nəqliyyat eksperti Elməddin Muradlı hesab edir ki, sözügedən prospektdə gün ərzində bir neçə yerdə, xüsusilə köməkçi zolaqlarda tıxaclar yaranır:

“Bağ mövsümünün başlaması ilə insanlar daha çox bu yollardan istifadə edir, çimərliklərə üz tuturlar. Mövsümlə əlaqəli olaraq indi Heydər Əliyev prospektində yüklənmə yaranıb. Təəssüf ki, bu prospektin alternativi də yoxdu. Digər tərəfdən dövlət əhəmiyyətli tədbirlər olduğu zaman da bu ərazidə yolun hərəkəti məhdudlaşdırılır. Həmçinin, tıxacların digər bir səbəbi də kiçik yol qəzalarıdır. Bəzən xırda bir toqquşma zamanı insanlar saatlarla yolda qalır.

Əlbətdə, taksilər də problemin əsas səbəblərindən biridir. Təəssüf ki, problemin həlli üçün  heç bir ciddi iş görülümür”.

Şəbnəm Mehdizadə / Redaktor.az