Bakıda kirayə mənzillər bahalaşa bilər - SƏBƏBİ İSƏ...
Artıq qarşıdan yeni tədris ili gəlir. Adətən ilin bu vaxtlarında tələbələrin regionlardan paytaxta axını ilə bağlı olaraq kirayə mənzil bazarında canlanma hiss olunur.
Ötən il pandemiya ilə bağlı olaraq təhsilin onlayn qaydada keçirilməsi bu sektora da ciddi təsir göstərdi. Hazırda kirayə bazarında vəziyyət necədir? Qiymətlərin artması gözlənilirmi?
Mövzu ilə bağlı Redaktor.az-ın suallarını "MBA Group” konsaltinq şirkətinin direktoru, əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov cavablayıb. O bildirib ki, hazırda kirayə mənzil bazarında vəziyyət heç də ürəkaçan deyil:
"Bu, mövsümlə əlaqədardır. Yay aylarında kirayə bazarında qiymətlərin azalması qaçılmazdır. Lakin ötən ilin eyni dövrü ilə müqayisədə qiymətlərdə 8,48 faiz artım qeydə alınıb. Amma ötən ay kirayə mənzillərin qiyməti 5,45 faiz azalıb. Ümumi bahalaşmanın əsas səbəblərindən biri bazarda ucuz mənzilləri zaman-zaman bahalı mənzillərin əvəz etməsidir. Bazara yeni tikililər, yəni bahalı mənzillər daxil olur. Bu da son nəticədə qiymət artımına gətirib çıxarır".
Ekspert bildirib ki, əvvəlki illərdə avqustun 20-dən başlayaraq oktyabr ayınadək orta qiymətlər 10-12 faiz artırdı:
"Sonradan isə qiymətlər yenidən stabilləşirdi. Amma indi kirayə bazarı ilə bağlı nəsə demək çox çətindi. Çünki bazarda qeyri-müəyyənlik var. Əvvəlki hesabatlarda istifadə olunan indekslər indiki situasiyada düzgün olmur. Əgər sentyabr ayında ənənəvi təhsil tam bərpa olunarsa və kütləvi axın olarsa, qiymətlərdə bahalaşma ola bilər".
Şəbnəm Mehdizadə / Redaktor.az












