Sahibkarların “Məşğulluq marafonu”na dəstəyi davam edir

 18:43 27.08.2021     100

Vətən müharibəsi qazilərinin və şəhid ailələrinin üzvlərinin işlə təmin edilməsinə dəstək məqsədilə başladılmış “Məşğulluq marafonu” çərçivəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) çağırışına qoşulan 190 sahibkarlıq subyekti tərəfindən 345 vakant iş yeri çıxarılıb.

Redaktor.az xəbər verir ki, artıq 28 sahibkarlıq subyekti tərəfindən 60 nəfər işlə təmin edilib.

Ən çox iş yeri 17 vakant vəzifə olmaqla Salyan Pivə Zavodu tərəfindən müvafiq elektron sistemə daxil edilib və artıq iki nəfər işlə təmin olunub. İndiyədək daha çox “Det-al alüminium” MMC tərəfindən Vətən müharibəsi qaziləri və şəhid ailələrinin üzvləri işlə təmin edilib.

Qeyd edək ki, Agentliyin ölkənin 20-dən çox şəhər və rayonunda fəaliyyət göstərən KOB dostları tərəfindən “Məşğulluq marafonu”na qoşulmaq istəyən sahibkarlıq subyektlərinə müvafiq vakant iş yerlərinin elektron sistemə daxil edilməsi üçün də dəstək göstərilir.

“Məşğulluq marafonu”na qoşulmaq istəyən sahibkarlar vakansiyaları barədə məlumatları linkə daxil olmaqla qeyd edə bilərlər.