Elektron sistem 2 doza qəbul etmişlərin pasportunu tanıyır - DİN-dən AÇIQLAMA

 11:49 01.09.2021     566

“Bu gündən qüvvəyə minən qərarlarla bağlı neqativ halların olması gözləniləndir və olacaq”.

 

Redaktor.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Kütləvi İnformasiya Vasitələri ilə iş və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev bildirib.


E.Hacıyev deyib ki, monitorinq qrupları tərəfindən COVID-19 pasportu olmadan həmin obyektlərə daxil olan şəxslərin sərbəst hərəkəti müəyyən edilsə, onların həmin ünvandan çıxarılması təmin olunacaq:

 

“Obyekt sahibi barəsində də inzibati tənbeh tədbiri tətbiq olunacaq. İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinin I hissəsinə müvafiq olaraq, cəzalanma qüvvədə saxlanılacaq. Tam olaraq məsuliyyət obyekt sahibinin üzərinə düşəcək.

 

Belə ki, 211-ci maddəyə əsasən, bütün hallarda epidemiya, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə vəzifəli şəxslər 4000 manatdan 5000 manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, 1 ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər 5000 manatdan 11000 min manatadək məbləğdə cərimə edilir”.

 

DİN rəsmisi həmçinin, COVID-19 pasportu ilə bağlı yaranmış çaşqınlığa da aydınlıq gətirib:
 

“Nazirlər Kabientinin qərarında 1-ci və 2-ci doza ilə bağlı ayrıca bənd yoxdur. COVID-19 pasportunun əldə olunması üçün 2 doza qəbul olunmalıdır. Elektron sistem də məhz 2 doza qəbul etmişlərin pasportunu tanıyır. 1 doza ilə fəaliyyətə icazə yalnız müəyyən sahələrdə işçi heyətinə şamil olunur. Müəyyən olunan sahələrdə çalışanlar sentyabrın 1-nə qədər 1-ci dozanı, oktyabrın 1-nə qədər isə 2-ci dozanı vurdurmalıdırlar”.
 

Xatrıladaq ki, bu gündən etibarən Azərbaycanda restoranlar, iri ticarət mərkəzləri, mehmanxalar və digər qapalı yerlərə giriş üçün COVID-19 pasportu tələb ediləcək. Yaşı 18-dən yuxarı şəxslər qeyd olunan qapalı məkanlarda göstərilən xidmətlərdən yalnız COVID-19 pasportu olduğu halda istifadə edə biləcəklər. 

 

Peyvənd olunmayan şəxslər obyektlərə daxil olarsa, həmin vətəndaş deyil, obyekt sahibi cərimələnəcək.

 

Eyni zamanda ali və orta-ixtisas təhsili müəssisəsində təhsil alan yaşı 18-dən yuxarı olan bütün şəxslərin COVID-19 pasportunun olması da tələb olunacaq.

Vumart və Güvən reklamı Vumart Güvən