"YAŞAT" Fonduna 8300-dək müraciət edilib

 15:16 02.09.2021     93

"YAŞAT" Fondunun 8110 Çağrı Mərkəzinə 55 mindən çox müraciət daxil olub.

Fonddan Redaktor.az-a verilən məlumata görə, bu günə qədər Çağrı Mərkəzinə 55 mindən çox vətəndaş zəngi daxil olub, şəhidlərimizin ailə üzvlərinin və yaralıların ümumilikdə 8 mindən çox müraciəti qeydiyyata alınaraq aidiyyəti üzrə yönləndirilib. Bunların 2300-ə yaxını şəhidlərimizin ailə üzvlərinin, 6000-dən çoxu isə yaralılarımızın müraciətləridir.

Xatırladaq ki, 8110 Çağrı Mərkəzinə zənglər tam ödənişsizdir.

"YAŞAT" Fondu Azərbaycan Respublikası Prezidentinin 8 dekabr 2020-ci il tarixli 1203 nömrəli Fərmanına əsasən yaradılmışdır. Fond Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş hərbi qulluqçuların və şəhid olmuş şəxslərin ailələrinin üzvlərinin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi üçün şəffaf, effektiv və əlçatan platformanın formalaşdırılması məqsədilə yaradılıb.

Qeyd edək ki, “YAŞAT" Fondunun yashat.gov.az portalı 8 yanvar 2021-ci il tarixindən istifadəyə verilib. Həmin tarixdə, həmçinin Fondun 8110 Çağrı Mərkəzi fəaliyyətə başlayıb.