Azərbaycanda vətənpərvərlik qanuniləşir?

Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev bildirib ki, “Vətənpərvərlik tərbiyəsi haqqında” yeni qanun layihəsi hazırlanır.
Heç kimə sirr deyil ki, vətənpərvərlik insanın daxilində yaranan bir hissdir. Bəs vətənpərvərliyi qanuniləşdirməyin nə dərəcədə hüquqi əsası var?
"Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev Azərbaycanda belə bir qanunun hazırlanması barədə xəbərə təəccübləndiyini bildirib.
"Vətənpərvərliyi qanunun və inzibatçılığın gücü ilə məcburən formalaşdırıla bilən milli və ictimai mənəvi sima kateqoriyası halına salmaq nə qədər doğru olar? Vətənpərvər olmaq hər kəsin mənəvi borcu, milli təəssübkeşlik, xislət və əxlaq göstəricisidir. Onu məcbur etmək, qorxutmaq, qanun çərçivəsində sanksiyalaşdırmaqla yox, tərbiyə, təlqin, təlim, təhsil-tədris üsulu ilə formalaşdırmaq lazımdı, hansı ki indiyə qədər belə olub və lazımı nəticəni də verib...
Nəzərə alaq ki, qanun çərçivəsində məcburiyyət statusu verilmiş bir davranış normasından imtinalar da olacaq. Məcburi olan şeydən imtina meyli insan təbiətində var axı...
Məsələn, filankəs vətənpərvərlikdən imtina etdi. Belə bir vəziyyəti təsəvvür edirsinizmi?", - deyə baş redaktor özünün feysbuk hesabında yazıb.
Tanınmış hüquqşünas Sahib Məmmədov isə Redaktor.az-a açıqlamasında bildirib ki, belə təcrübə dünya ölkələrində var. Buna misal olaraq qonşu Rusiyanı göstərmək olar:
"Hesab edirəm ki, Milli Məclisin bununla bağlı qanun hazırlaması müsbət addımdır. Uşaqlara erkən yaşlardan vətənə sevgini aşılmaq üçün müəyən tədris proqramları olmalıdır. Sözügedən qanun da bəşəri dəyərlərə hörmət əsasında bu işə təşviq yarada bilər.
Lakin digər ölkələrin, xüsusən də Rusiyanın mövcud qanunu təkrarlamaq lazım deyil. Çünki ölkələr arsında müxtəlif fərqliliklər var".
Oral Mədənçi / Redaktor.az