Dövlət Komitəsi ailələrə çağırış etdi

 18:58 03.09.2021     262

“Narkomaniya məsələsi yalnız Komitənin fəaliyyət sferasına aid deyil. Bütün dövlət orqanları bu prosesə cəlb olunub. Son dövrlər bu sahədə artan statistika bizi narahat edir”.

Redaktor.az-ın məlumatına görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Murdova jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bunun müxtəlif səbəbləri var: “Çox ciddi tədbirlər həyata keçirilməkdədir. Həm narkotik satıcıları, həm də istifadəçilərinə qarşı ciddi tədbirlər görülür. Bununla belə, bəzi ailələrdə çox narahatedici hallar var. Gənclər çox asan şəkildə kimlərinsə tilovuna düşür. Ailələr öz övladlarına qarşı diqqətli olmalıdır. Çünki öz övladını hər kəsdən yaxşı valideynləri tanıyır. Onlar həm ailədəki mühitin sağlam olmasına, həm də övladlarının əhatə dairəsinə diqqət etməlidirlər. İnternetdə üzləşdiyimiz təhlükələr də ciddi rol oynayır. Düşünürəm ki, son vaxtlar bütün dünyada bu istiqamətdə cinayətlərin sayının artmasının əsas səbəbi də budur, çünki nəzarət imkanı məhduddur. Hər bir ailəyə çağırış edirəm ki, öz övladlarına qarşı diqqətli olsunlar. Onların hara gedib-gəldiyini, kiminlə oturub-durduğunu diqqətdə saxlasınlar. Bəzi ailələrdə valideynlərin hər ikisi narkotik asılılığındadır, uşaqlar o ailədə qala bilməz. Onları sığınacaqlara yerləşdiririk. Yaxın qohumların içində qəyyum olmaq imkanı varsa, onlara verilir, yoxdursa, dövlətin himayəsində qalır. Düşünürəm ki, elə valideynlərin himayəsində qalmaqdansa, dövlətin himayəsində qalmaq daha yaxşıdır”.