Azərbaycanda Sosial Xidmətlər Nazirliyi yaradılacaq? - Komitə sədri: "TƏBİB qarşıya qoyulan hədəfə çata bilmədi"

 12:22 21.09.2021     997

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlının istefasından sonra bu qurumun ləğvinə dair fikirlər səsləndirilir. Belə ki, bir qisim TƏBİB-in ləğv edilərək Səhiyyə Nazirliyinin tərkibinə keçməsini dəstəkləyir.

Bununla yanaşı TƏBİB-in ümumiyyətlə ləğvini, qonşu Gürcüstanda olduğu kimi Sosial Xidmətlər Nazirliyi yaradılaraq, əmək, səhiyyə, pensiya kimi məsələlərin vahid bir nazirlikdə birləşdirilməsinə dair təkliflər də var. Bəs görəsən Azərbaycanda da Sosial Xidmətlər Nazirliyinin yaradılması mümkündürmü?

Mövzu ilə bağlı Redaktor.az-ın suallarını Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, deputat Musa Quliyev cavablandırıb. O bildirib ki, hələlik bütün diqqət koronavirusla mübarizəyə yönəlməlidir:

“Dövlət orqanlarının formalaşdırılması yaxud struktur dəyişikliyinin edilməsi Prezidentin səlahiyyəti daxilində olan bir məsələdir. Müxtəlif ekspertlərin, qeyri-hökumət təşkilatlarının, ayrı-ayrı şəxslərin bu barədə fikir söyləməsi və iddiaları diletantlıqdan uzağa getmir. Əsas məqsəd səhiyyə xidmətinin yaxşılaşdırılmasıdır. Hamı səhiyyə xidmətlərinə olan əlçatanlığın artması və yaxşılaşdırılmasını istəyir.  Bu məqsədlə İcbari Tibbi Sığorta Agentliyi  və TƏBİB yaradıldı, Səhiyyə Nazirliyindən müəyyən səlahiyyətlər alınaraq TƏBİB-ə verildi.  Lakin pandemiyanın başlaması ilə bağlı olaraq nə TƏBİB, nə də İcbari Tibbi Sığorta Agentliyi qarşıya qoyulan hədəfə çata bilmədi. Yəqin ki, pandemiya bitdikdən sonra bu işlər öz qaydasına düşəcək. İstər Səhiyyə Nazirliyinin, istərsə də TƏBİB-in bütün resursları və kadr təminatı koronavirusla mübarizəyə yönəlib. Məncə doğru olan da məhz udur”.

Millət vəkili qeyd edib ki, struktur dəyişikliyinə ehtiyac yoxdur: “İndiki şəraitdə digər xəstəliklərin profilaktikası və müalicəsi özəl sektorun üzərinə düşür. Bizim əsas problemimiz məhz buradadır. İndi TƏBİB-də hansısa struktur dəyişikliyinin aparılması, TƏBİB-in Səhiyyə Nazirliyinə verilməsi, yaxud ayrıca xidmət kimi fəaliyyəti haqda dəqiq məlumat yoxdur. Hesab edirəm ki, pandemiya bitənə qədər bir qədər ehtiyatlı davranmaq lazımdır. Tez-tez rəhbərlik və struktur dəyişikliyi pandemiya dövründə müsbət nəticə vəd etmir. Maliyyə təminatının böyük bir qismi koronavirusla mübarizəyə yönəlib. Düşünürəm ki, indiki halda ciddi struktur dəyişikliyinə və ya hansısa yeni strukturun yaradılmasına ehtiyac yoxdur. Hazırda bütün diqqətimiz pandemiya ilə mübarizəyə yönəlməlidir”.

Şəbnəm Mehdizadə