Şagirdlər məktəbdə maska taxmalıdır? - RƏSMİ AÇIQLAMA

 15:17 21.09.2021     638

Sabah orta məktəblərədə ibtidai siniflər üçün əyani tədrisin ilk günüdür. Lakin bəzi məqamlar var ki, hələ də özlüyündə suallar doğurur. Bunlardan biri də məktəblərdə şagirdlərin tibbi maskadan istifadəsinin məcburi və ya könüllü olmasıdır. Nazirlər Kabinetinin qərarına əsasən qapalı məkanda maskadan istifadə məcburidir.Təhsil nazirinin müşaviri Rüstəm Ağayev isə yeni tədris ilinin təşkili ilə bağlı keçirilən brifinqdə bildirmişdi ki, uşaqların məktəbdə maska taxması yaşından asılı olmayaraq onların valideynlərinə buraxılır. Yəni valideynlər istəsə, övladının maska taxmasını təmin edə bilərlər.

Bəs görəsən şagirdlərdən qoruyucu maskadan istifadəyə dair tələb varmı?

Mövzu ilə bağlı Redaktor.az-ın suallarını Təhsil eksperti Kamran Əsədov cavablayıb. O bildirib ki, şagirdlərin qapalı məkanda maskadan istifadəsi tövsiyə edilir: “Amma bu məcburi xarakter daşımır. Əvvəllər virusa azyaşlı uşaqların yoluxmaması bildirilirdisə, son günlərdə uşaqlar arasında da yoluxma hallarının artdığı aşkar olunub. Təəssüflər olsun ki, virusun yeni ştamları uşaqlara da yoluxa bilir. Yoluxanlardan əlavə uşaqlar potensial daşıyıcı ola bilir. Ona görə də bu məsələ diqqətdə saxlanılmalıdır. Hazırda şagirdlərdən maskadan məcburi istifadəyə dair tələb yoxdur. Amma şagirdlər özünün və yaxınlarının təhlükəsizliyi üçün  qoruyucu maskadan istifadə edərsə, daha məqsədəuyğun olar”.

Hüquqşünas Ruslan Vəliyev öz açıqlamasında bildirib ki, Nazirlər Kabinetinin qərarında qapalı məkanlarda maskadan istifadənin məcburi olmasına dair bənd var. Lakin bəzən bu qaydalardan kənara çıxılır: “Məktəblərdə bu məsələnin necə tənzimlənəcəyi hələlik bəlli deyil. Çünki bəzi şagirdlərin valideynlərinə zəng edərək vaksin pasportu olmayanların məktəbə buraxılmayacağı bildirilib. Halbuki qanunda belə bir şey yoxdur. Əslində məktəb qapalı məkandır. Qanunla qapalı məkanda maskadan istifadə məcburidir. Bununla bağlı yəqin ki, Təhsil Nazirliyi özü qərar verəcək. Ola bilsin ki, məktəbə daxil olan zaman maskadan istifadə məcburi olacaq. Lakin sinif daxilində buna ehtiyac olmayacaq. Hər halda bu elə məsələdir ki, dəqiq nə isə demək olmur”.

Mövzu ilə bağlı Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov Redaktor.az-ın suallarını cavablayıb. "Məktəblərdə maskadan istifadə məcburi deyil", - deyə nazirlik sözçüsü bildirib.

Şəbnəm Mehdizadə