Əhliman Əmiraslanovdan test qiymətlərinə ETİRAZ - "Bunu nə ilə izah etmək olar?"

 18:00 07.10.2021     3064

Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov özəl tibb müəssisələrində PCR testinin qiymətlərinin baha olmasından danışıb.

Redaktor.az xəbər verir ki, bu barədə komitənin bu gün keçirdiyi dinləmədə çıxış edən Əmiraslanov qeyd edib ki, ölkədə müxtəlif laboratoriyaların qiymətlərində fərq var: “Bununla bağlı Səhiyyə Nazirliyinə və TƏBİB-ə müraciət edirəm. Elə etmək olmaz ki, qiymətlər müəssisələrdə eyni olsun?! Bəzilərinin qiymətində hətta 30-40 faiz fərq var. 

İnsanlarda da belə bir fikir yaranıb ki, bizdə PCR testlərinin qiyməti yüksəkdir. Bunu nə ilə izah etmək olar? Heç olmasa, bunların qiyməti bütün laboratoriyalarda eyni olsun. Özəl laboratoriya olanda nə olar ki? Ona da işləmək üçün lisenziyanı Səhiyyə Nazirliyi verir”.

Dinləmələrdə iştirak edən TƏBİB-in İdarə Heyətinin sədri vəzifələrini müvəqqəti icra edən Vüqar Qurbanov komitə sədrinin fikirlərinə cavab verib. O bildirib ki, dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrində PCR testinə görə heç bir ödəniş tələb olunmur: “Vətəndaşlarımız tam rahat şəkildə həm poliklinikalara, həm də təcili yardım briqadalarımıza ödənişsiz şəkildə müraciət edə bilərlər. Özəl müəssisələrdə bu xidmətin təşkilini biz digər Avropa ölkələri ilə müqayisə etmişik. Yaxın ölkələrlə müqayisədə isə bizdə qiymətlərin daha ucuz olduğu görünür. Testlərin cavablarının hazırlanması da bizdə daha operativdir. Amma qiymət bizim səlahiyyətimizdə olan məsələ deyil”.

Komitə sədri sonda əlavə edib ki, Türkiyədə PCR testinin qiyməti 250 lirədir.