Azərbaycanda iş üçün müraciət edənlər psixoloji testdən keçirilməlidir - AÇIQLAMA

Son vaxtlar demək olar ki, hər gün dəhşətli cinayət faktları eşidir, yaxud şahidi oluruq. Həyat yoldaşı tərəfindən polis bölməsində öldürülən qadın, vəzifədə olduğu vaxt başı kəsilən məmur və s. Bunları saymaqla bitmir. Cinayətdən daha dəhşətli olan isə cəmiyyətimizin artıq bu vəhşilikləri adi hal kimi qəbul etməsidir. Bəs görəsən, insanlarda yaranan bu aqressiyanın səbəbi nədir? İnsanları cinayət törədəcək qədər aqressivləşdirən nədir?
Mövzu ilə bağlı Redaktor.az-ın suallarını psixoloq Elnur Rüstəmov cavablandırıb. O bildirib ki, sosial aqresiyya bir çox səbəblərdən irəli gəlir. Əsas faktorlardan biri pandemiya, insanların ifrat informasiya ilə yüklənməsi və cəmiyyətdə mühafizəkarlıqla yeniliyin savaşıdır:
“Hər şeyin sürətlə dəyişməsi insanın psixikasına təsir edir və stress hallarının artmasına gətirib çıxarır. Pandemiya dövründə insanlar uzun müddət evdə qaldı və yeni davranış modeli yarandı. Bir çox sahlər onlayn rejimə keçdi. Buna uyğunlaşa bilən və bilməyən insanlar var. Birbaşa bizə aid olmasa belə aldığımız hər bir informasiyanın öz emosional yükü var. Cəmiyətimizdə çox sayda psixoloji travma alan insanlar var. Bu travmalar şəxsi və iş münasibətlərində, ailədə özünü biruzə verir. Cəmiyyətdə baş verən neqativ halları hər kəs hansısa səbəblə, xüsusən maddi səbəblərə bağlamağa çalışır. Lakin bu insan faktorudur. Biz deyə bilmərik ki, kasıb əsəbləşir, intihar edir, boşanır, amma varlılarda belə hal yoxdur. Cinayət halları bütün sosial təbəqədən olan insanların həyatında baş verə bilir”.
Psixoloq deyir ki, cəmiyyətdə psixoloji maariflənmə işi profilaktik qaydada və geniş müstəvidə aparılmalıdır:
“Yaxşı olar ki, işə götürmə zamanı müraciət edənlər psixoloji testdən keçirilsin. Onların fiziki durumu ilə paralel psixoloji durumu araşdırılmalıdır. Lakin bu bir dəfə olmamalıdır. Bu testlər zaman-zaman təkrarən keçirilməlidir. Çünki elə insan var ki, işə qəbul prosesində yaxşı psixoloji durumda ola bilər. İki aydan sonra elə bir problem yaşaya bilər ki, vəziyyət tamam dəyişə bilər. Testdən keçirib işə qəbul etməklə iş bitmir. Bu testlər davamlı olaraq psixoloji konsultasiyanın aparılması formasında təşkil edilməlidir. Psixoloji yardım haqqında qanunda bunlar konkret olaraq göstərilib. Əgər bunlar olarsa, cəmiyyətdə irəliləyiş ola bilər. Dünya təcrübəsindən yararlanmaq lazımdır. Hər kəs psixoloq seansına getməyə bilər. Bəzilərinin buna maddi imkanı yoxdur. Ona görə də iş yerlərində psixoloji maariflənmə, təlim və treninqlər mütəmadi olaraq aparılmalıdır”.
Şəbnəm Mehdizadə