"Ev işlərinə görə kişi arvadına pul ödəməlidir" deyən deputata ETİRAZ - "Cəmiyyətdə ciddi gərginlik yarada bilər"
Xəbər verdiyimiz kimi, bu gün Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev “Gender bərabərliyinin və qadın hüquqlarının təşviqində vətəndaş cəmiyyətinin rolu” mövzusunda keçirilən konfransda çıxış edib. O bildirib ki, Azərbaycanda qadınların əməyi kişi əməyindən daha az qiymətləndirilir: “Bunun bünövrəsi iqtisadi azadlıqdadır. Əgər iqtisadi azadlıq olmayacaqsa, biz sosial azadlığı da təmin edə bilməyəcəyik. Ev işlərinin, ailə üzvlərinə qulluqla bağlı haqqı ödənilməyən iş saatlarının 77%-i qadınların payına düşür. Bu haqqı zəhmət çəkib kişi ödəməlidir. Çünki əgər evdə qadın olmasa, kişi bu işi görmək üçün kimisə tutmalıdır”.
Bəs görəsən, sözügedən təklifi nə dərəcədə məqbul hesab etmək olar? Təklif qəbul olunarsa, ailədaxili qarşıdurmalara səbəb ola bilərmi?
Mövzu ilə bağlı Redaktor.az-a danışan sosioloq Əhməd Qəşəmoğlu bildirib ki, kişinin ev işlərinə görə qadına pul ödəməsi təklifi ailə daxili münaqişələrə gətirib çıxara bilər:
“Düşünürəm ki, bu təklif əhəmiyyətsizdir. Biz Avropadan nümunə gətirərkən bilməliyik ki, bunlar ikinci dərəcəli söhbətlərdir. Biz, ilk növbədə ailə daxilində ahəngi saxlamalıyıq və münasibətlərimizi buna uyğun qurmalıyıq. Çünki ailədaxili ahəng cəmiyyətdə böyük rol oynayır. Düşünürəm ki, "qadın və kişi bərabərdir" ifadəsi yanlışdır. Çünki qadınla kişi bir birini harmonik olaraq tamamlamalıdır. Elə məsələ ola bilər ki, orada qadının üstünlüyü ortaya qoyulur. Bəzən də əksinə. Qadınla kişi həyat duyumuna və estetik zövqünə görə fərqli varlıqlardır. Onlar harmonik olaraq bir birini tamamlamalıdır. Bizim öz adət-ənənələrimiz, minillik dəyərlərimiz var. Onları birdən-birə kiminsə təklifi ilə dəyişmək cəmiyyətdə ciddi gərginlik yarada bilər. Belə məsələlərdə rəsmi şəxslər psixoloq və sosioloqlarla məsləhətləşməlidir”.
Şəbnəm MEHDİZADƏ












