Ali və orta məktəblər müəyyən müddətlik bağlana bilər - Deputatdan AÇIQLAMA
Azərbaycanda son iki həftədə koronavirusa (COVİD-19) yoluxma halları durmadan artır. Son sutkanın statistikasına görə, ölkədə 2 mindən çox şəxsin COVİD-19 testi müsbət çıxıb. Eyni zamanda ölüm halları da çoxalıb. Bu isə insanlarda narahatlıq yaratmağa başlayıb.
Bəs görəsən, belə bir vəziyyətdə karantin qaydaları sərtləşdirilə bilərmi?
Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Razi Nurullayev bildirib ki, pandemiya başlayan zaman əksər dünya ölkələri kimi Azərbaycanın da təcrübəsi yox idi. Ona görə də bəzi yanlış qərarlar verildi:
“İlkin mərhələdə Azərbaycanda hətta yollar, parklar belə bağlandı. Verilən qərarların bir müddət sonra peşmanlığını yaşayırdıq. Sonda məlum oldu ki, bu tədbirlərin heç biri yoluxmanın qarşısını almağa kömək edə bilmir. İndi biz pandemiya şəraitində yaşamağı öyrənmişik. Bu mənada indiki mərhələdə ciddi qapanmalara getməyin vacib olduğunu düşünmürəm”.

Deputat bildirib ki, universitet və məktəblərdə koronavirusa yoluxma halları artarsa, müəyyən müddətlik bağlana bilər:
“Bundan sonra sərt karantinə keçmək, hava yollarını, ictimai iaşə obyektlərini, bütövlükdə iqtisadiyyatı dayandırmaq heç kimə sərf etmir. İndi virusla birgə yaşamağı öyrənməliyik. Ölkənin 50 faizindən çox əhalisi vaksinasiya olunub. Lakin yoluxma sayı hələ də artır. Bu tək Azərbaycanda belə deyil, qonşu Gürcüstanda da vəziyyət pisdir. Ölüm hallarının qarşısını almaq üçün vaksinasiyanın arealını genişləndirmək lazımdır. Artıq bəzi şəxslərə üçüncü doza peyvənd vurulmalıdır. Mən özüm dördüncü dozanı almaq istəyirəm. Yalnız bu halda xəstəliklə mübarizəni asanlaşdıra bilərik”.
Şəbnəm Mehdizadə












