İki min əhalisi olan dağ kəndinin işıq problemi - Leriklilər "işıq sönür" deyir, Vaqif Aydınoğlu isə...
Havaların soyuması, qarın yağması ucqar kəndlərdə insanların həyatını çətinləşdirməyə başlayıb. Belə kəndlərdən biri də Lerik rayonununun Orand kəndidir.
Redaksiyamıza müraciət edən kənd sakini Savalan Mikayılov kəndin mövcud problemlərindən bəhs edib:
“Orand kəndi Lerikin ən ucqar kəndlərindən biridir. Dəniz səviyyəsindən 2200 metr yüksəklikdə yerləşir. Hal-lazırda kəndimizə 20 sm-ə qədər qar yağıb. Oktyabr ayının 20 də ilk, 25-i axşamdan isə 2-ci qar yağıb. Hal-hazırda qar yağmaqda davam edir. Kənddə təbii qaz olmadığı üçün çox əziyyət çəkirik. 5-6 kub odunu 400 manata alırıq. Kənd yerində bu qədər odun heç kimə bəs etmir".
Şikayətçi qeyd edib ki, kəndə elektrik enerjisinin verilməsində də ciddi problemlər yaşanır: "1960-cı illərdə çəkilən xətlər bərbad vəziyyətdədir və istifadəyə yararsızdır. Aidiyyatı qurumlara sakinlər tərəfindən dəfələrlə müraciət olunub. Lakin şikayətlərimizə baxan yoxdu. Ən böyük problemlər qaz və elektrik enerjisi ilə bağlıdır. Kənddə 2000-dən artıq vətəndaş yaşayır".
Redaktor.az Lerik sakinin qaldırdığı problemlərlə bağlı müvafiq dövlət qurumları ilə əlaqə saxlayıb.
“Azəriqaz” İstehsalat Birliyininin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev bildirib ki, sözügedən kəndin qazlaşdırılması gündəmdədir:
“Azəriqaz” İB növbəti il üçün görüləcək işlərin planını yekunlaşdırmaq üzrədir. Birlik öz daxili imkanları hesabına qazlaşma prosesini uğurla davam etdirir. Lakin bu işlər mərhələli şəkildə həyata keçirilir. Növbəti ilin planına əsasən Lerik rayonunun 6 kəndinin qazlaşması nəzərdə tutulub. İndiyə qədər görülən işlərdən əlavə Lerik rayonunun 6 kəndi mavi yanacaqla təmin ediləcək. Təəssüf ki, Orand kəndinin növbəti ildə qazlaşdırılması nəzərdə tutulmayıb. Lakin sonrakı mərhələdə - 2022-ci ilin sonu, 2023-cü ilin əvvəli bu kənd də qazla təchiz ediləcək. Sözügedən kəndin qazlaşması gündəmdədir”.
“Azərişıq" ASC-nin Mətbuat xidmətinin rəhbəri Vaqif Aydınoğlu isə bildirib ki, Orand kəndində sakinlərin dediyi kimi 2000 min yox, 150 abonent var:
“Adıçəkilən kənddə elektrik xətləri normaldır, hətta 150 adama görə 10 kilovatlıq transformator var. İki gün ərzində rayona qar yağıb. Amma orada işıq fasiləsiz təmin olunub. Heç bir işıq sönməsindən söhbət gedə bilməz. Bir neçə ailə var ki, aylardır işıq pulunu ödəmirlər. Buna görə onlara işığın verilməsi dayandırılıb. Güman ki, şikayətçi bu ailələrdən biridir. Tamamilə haqsız və əsassız iddiadır. İşıqpuluna görə işığı kəsilən adamın xətləri günahkar çıxarması təbiidir, başqa nə deyə bilər ki? Bu, çox böyük ittihamdır”.
Lerik rayonu Orand kənd icra nümayəndəsi Vasif Manafov deyir ki, kənddə qeydiyyat üzrə əhalinin sayı 2000-ə yaxındır:
“Elektrik enerjisinin verilməsi bağlı son vaxtlar şikayətlər çoxdur. Müəyyən düzəlişlər edilsə də, xətlər və dirəklər köhnədir. Elektrik xətləri dəfələrlə qırıldığına görə istifadəyə yararsız haldadır. Son dövrlərdə bəzi işıq dirəkləri dəyişdirilib. İki gündür rayona qar yağıb. Bu gün iki dəfə işıq sönüb”.
Kəndin keçmiş bələdiyyə sədri Cabbar Mərdiyev deyir ki, kənddə təqribən iki minə yaxın əhali yaşayır:
“Qaz ümumiyyətlə yoxdur, işıq xətlərində isə ciddi problemlər var”.
Şəbnəm MEHDİZADƏ
















