XİN-in İraqdan Azərbaycana gətirdiyi uşaqlarla bağlı AÇIQLAMA
Bu gün Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) tərəfindən İraqın cəzaçəkmə müəssisələri və uşaq evlərində saxlanılan Azərbaycan Respublikası vətəndaşı olan daha 38 nəfər uşağın ölkəmizə repatriasiyası həyata keçirilib. Həmin uşaqların ilkin tibbi və psixoloji müayinədən keçirilməsi, təhsilə cəlb olunması, hüquqi və sosial yadımın göstərilməsi ilə bağlı məsələr görüləcək ən başlıca tədbirlərdən biridir.
Bu istiqamətdə görüləcək addımlarla bağlı Redaktor.az-a danışan hüquqşunas Rafiq Alışov bildirib ki, ilkin olaraq repatriasiya olunmuş uşaqların doğum faktı araşdırılır:
“Bu uşaqların ölkəyə gətirilməsi Xarici İşlər Nazirliyi tərəfindən həyata keçirirlir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə təhvil verilir. Komitə isə həmin yaxın qohumları olan uşaqları onların yanına yerləşdirir və onların himayəsinə verərək qəyyum təyin edir. Orada doğulan uşaqların doğum haqqında şəhadətnaməsi olmur, bəzilərinin valideynlərinin nikahları belə yoxdu. Ona görə ilk olaraq onların doğum faktının müəyyən olunması ilə bağlı qəyyum olan şəxslər məhkəməyə müraciət edəcək. Bundan sonra məhkəmənin qərarından sonra onlara doğum haqqında şəhadətnamə veriləcək. Qəyyumluq altında olan uşaqlara “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununa əsasən müavinət verilməlidir. Lakin hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli şöbələri, DOST Agentliyi həmin uşaqların qəyyumlarına müavinət verməkdən imtina edir. Hazırda həmin uşaqların hüquqlarının müdafiəsi, sosial işin aparılması ilə bağlı işlər Ümidli Gələcək Sosial Təşkilat və İctimai Birliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və UNİCEF-in Azərbaycan nümayəndəliyinə yönləndirilir. Təşkilatın reabilitasiya mərkəzilərində qəyyum ailənin problemləri ilə bağlı sosial iş, uşaqların psixoloji vəziyyəti ilə bağlı müayinələr aparılır, eyni zamanda onların hüquqi problemlərinin həllində köməklik göstərilir”.
Ekspert vurğulayıb ki, valideynini (ata) itirmiş uşaqların sosial müavinət almaq hüququ olsa da, həmin ölmüş şəxsin ölüm faktı təsdiqlənənə kimi (ən azı 5 il müddətində) sosial müavinət verilmir.
“Valideynini (atasını) itirmiş və anası həmin ölkədə həbsdə olan uşaqların valideyn himayəsindən məhrum olunmasına görə 80 manat sosial müavinət almaq hüququ var. Lakin valideynin (atanın) ölüm faktı ilə bağlı araşdırılma müddəti uzandığına görə məsələ həllini tapmır. Qəyyumluğu olmayan uşaqlar isə nazirliyin sığınacaqlarına, uşaq internat məktəblərinə, müəssisələrinə yerləşdirilir".
Nuranə MİRZƏYEVA












