Dayanacaqlarda "Bakı Kart"ın balansını artırmaq niyə mümkün olmur? - AÇIQLAMA

Bakıda nəliyyat sektorunda, avtobuslardan vahid ödəniş kartlarının tətbiqi sərnişinlərin işini asanlaşdırsa da, hazırda şəhərin bir çox ərazisində sözügedən yükləmə aparatlarından "Bakı Kart"ın balansını artırmaq ya mümkün olmur. Paytaxtda bir çox ərazidə quraşdırılan ödəmə aparatları ya manat qəbul eləmir, ya da qəpik. Yaxud da aparatlar tamamilə işləmir. Həmçinin, sərnişinlərin sıx toplaşdığı dayanacaqların bir çoxundan "Bakı Kart" ödəmə aparatları yığışdırılıb ki, bu da insanların haqlı narazılığı ilə qarşılanır.
Problemin araşdırılması və hansı yöndə tədbirlərin görüləcəyi barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayevlə əlaqə saxladıq. O, Redaktor.az-a açıqlamasında bildirdi ki, hər avtobus dayanacaq məntəqəsində ödəmə terminallarının qoyulması nəzərdə tutulmayıb və ödənişi həyata keçirmək üçün digər vasitələr istifadəyə verilib:
“”Bakı Kart”a ilk keçid vaxtı və ondan sonrakı vaxtlarda ödəmə terminalları əsas cəlbetmə məntəqəsi olan avtobus dayanacaq məntəqələrində quraşdırılırdı. Yəni, hər avtobus dayanacaq məntəqəsində ödəmə terminallarının qoyulması nəzərdə tutulmayıb. Sərnişinlərimizin rahatlığını nəzərə alaraq dayanacaq məntəqələrindən kənarda “BakıKartın” balansını artırmaq üçün vasitələr istifadəyə verilib. Əvvəlcədən də məlumat verdiyimiz kimi sərnişinlərimiz artıq internet portalı (online.bakikart.az) üzərindən, 200-dən artıq OBA marketdə kassalarda quraşdırılan post-terminallar və MilliÖnə məxsus 1000-ə yaxın ödəmə terminalından istifadə etməklə BakıKartın balansını artırmaq mümkündür.”
Qeyd edək ki, BNA rəsmisi hazırda dayanacaqlarda olan ödəmə terminallarında pulun qəbulunda yaranan problemlərlə bağlı sualımızı cavabsız qoydu.
Nuranə MİRZƏYEVA