Xəstələrdən temperatura əsaslanaraq test götürülməməsi yanlış qərardır - Səhiyyə Nazirliyinə ETİRAZ

 16:26 04.11.2021     2199

Koronavirusla bağlı yoluxma statistikası günü-gündən daha da artır. Son statistik göstəricilərə əsasən ölkədə 2700-dən çox insan virusa yoluxub. Lakin bu rəqəmlər aysberqin görünən tərəfidir. Çünki ölkədə kifayət qədər insan var ki, yoluxduğu halda koronavirus testi verə bilmir. Əsas səbəblərdən biri özəl klinikalardakı fantastik qiymətlərdir. Digər bir səbəb isə pulsuz test götürmək üçün qoyulan temperatur tələbidir. Belə ki, xəstənin bütün əlamətləri olduğu halda təcili tibbi yardım briqadası temperaturu 38-dən aşağı olan şəxslərdən COVİD-19 testi götürmür.

Bəs görəsən, bu nə dərəcədə düzgündür?

TƏBİB-in mətbuat xidmətinin rəhbəri Elnarə Baxış Redaktor.az-a bildirdi ki, Bakı şəhərində Təcili Tibbi Yardım Səhiyyə Nazirliyinin tabeliyindədir: "Ona görə də testlər Səhiyyə Nazirliyi tərəfindən götürülür".

Mövzu ilə bağlı Səhiyyə Nazirliyindən açıqlama almağa çalışsaq da, zənglərimizə cavab verilmədi.

Tibbi ekspert, professor Adil Qeybulla isə bildirdi ki, konkret şikayətləri olan hər bir şəxsin COVİD-19 testi verməyə imkanı olmalıdır:

“Əslində bu məsələ işin təşkilinə bağlıdır. Polikliniklarda, apteklərdə ekspress testlərin ucuz qiymətə satışı çox vacibdir. İngiltərədə hər dörd gündən bir insanlar bu testi verir. Bu addım xəstəliyin geniş arealda yayılmasının qarşısını almaqla yanaşı xəstəliyin vaxtında müalicə olunmasında da böyük rol oynayır. Yüngül formada keçirənlər ev şəraitində izolyasiya olunaraq ambulator müalicə alır. Xəstəliyin klinik dövründə isə insanlar xəstəxanaya müalicəyə göndərilir”.

Ekspert qeyd edib ki, xəstələrdən temperatura əsaslanaraq test götürülməməsi çox yanlış qərardır:

“Temperturun yeganə koronavirus kriteriyası kimi qoyulması düzgün deyil. Çünki bəzi xəstələrin immun sisteminin xəstəliyə reaksiyası fərqli olur. Yaşlı adamlarda, yaxud areaktiv vəziyyətlərdə temperatur ümumiyyətlə olmaya bilər. Bu mənada test üçün təkcə temperatura istinad etmək düzgün deyil. Payız fəslidir və indi soyuqdəymə xəstəliklərinin xüsusi çəkisi artıb. Belə olan halda temperatur məsələsinin arqument olaraq önə çəkilməsi qəti şəkildə düzgün deyil”.

Şəbnəm Mehdizadə