Bu il Azərbaycanda uşaqlara qadağan olunmuş adlar qoyulub? - RƏSMİ AÇIQLAMA
Bu günlərdə sosial şəbəkələrdə Ədliyyə Nazirliyinin adından paylaşılan postlarda Azərbaycanda yeni doğulan uşaqlara qoyulan qəribə adlarla rastlaşdıq.
Yazılanlara görə, bu il valideynlərin istəklərinə uyğun olaraq Qeydiyyat idarələri tərəfindən Şanil, Səyahət, Stefane, Dominik, Hüqo, Doğru, Samuil, Xanış, Qılıc, Hörmət, Adəm Ronald, Dilən, Alan, Meydan, Şalva, Alfonso, Qəmlo kimi kişi adları, Barbare, Anano, Kimyaxanım, Fərasət, Gülgülə, Zlata, Havayət, İfadə, Diri Doğulmuş, Bağdasər, Yaylax, Medina, Nisbət, Hamar, Manisa, Kumsaldeniz, Balış, Peykər, Durxanım kimi qadın adları qeydə alınıb.
Məsələ ilə bağlı Ədliyyə Nazirliyinin Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətindən Redaktor.az-a bildirildi ki, nazirliyin saytında sözügedən adlarla bağlı heç bir statistik siyahı, məlumat yoxdur və bunu axtarış bölməsində də həmin adları daxil etməklə yoxlamaq olar:
“Sözügedən adların heç bir mənası olmadığına görə, onlar qeydiyyata alınmır. Yeni doğulanlara mənasız hesab olunan adların qoyulmasına icazə verilmir və bu, uzun illərdir ki, qadağan olunub. Buna görə də hazırda bu barədə heç bir statistik məlumat yoxdur”.
Müasir Psixologiya Mərkəzinin psixoloqu Nərgiz Süleymanlı hesab edir ki, qeyri-adi və qəribə səslənən adlar fərd üçün psixoloji tərəfdən travma sayılır və valideynlər ad seçərkən onun mənasına diqqət yetirməlidirlər:
“Adların insan həyatında rolu çox böyükdür. Onun həyat tərzində seçdiyi yollarda, müəyyən qədər adların mənası böyük rol oynayır. Elə adlar var ki, konkret olmur, yəni həm qız, həm də oğlan uşaqları üçün ortaq sayılır. Onları istifadə etmək problem doğurmur. Amma bəzi adlar var ki, onların mənası, məğzi müəyyən qədər fərqlidir və bu, gələcəkdə uşaqların müəyyən qədər məktəb, iş həyatında ümumilikdə cəmiyyətdə, adaptasiya prosesində mənfi rol oynayır. Zamanla uşaqlar arasında bir-birilərini adları ilə lağ etmə halları baş verə bilər. Bildiyimiz kimi uşaqlar arasında, xüsusilə yeniyetməlik dövründə bu hallar çox geniş müşahidə olunur. Əgər qeyd etdiyimiz qeyri-adi adlardan istifadə olunursa, bu da bir uşağın sosiallaşmasında mənfi rol oynayır. Buna görə də valideynlər uşaqlarına ad seçərkən mütləq dərəcədə onun mənasını xüsusilə araşdırmalıdırlar, çünki bu amilin birbaşa onun həyat tərzinə, yoluna təsiri var. Bundan əlavə ad insanların bir-birinə münasibətində ilk xitab şəklidir. Buna görə uşağa ad seçərkən bu məsələ çox önəmlidir. Ümumilikdə qəribə, fərqli və qeyri-adi adlar psixoloji tərəfdən travma səbəbi sayılır və gələcəkdə həmin insan üçün kompleks mənbəyidir”.
Nuranə TOFİQLİ












