Paytaxt polisindən səkiləri zəbt edən sürücülərə XƏBƏRDARLIQ

 16:48 02.11.2021     981

Son zamanlar ən çox müşahidə edilən hallardan biri Bakının mərkəzi küçələrində səkilərin avtomobillər tərəfindən zəbt edilməsidir. Bununla da səkilərdə park edilən avtomobillər piyadalar üçün ciddi problemə və narahatlığa səbəb olur. Bir çox hallarda isə piyadalar avtomobil yoluna keçməyə məcbur olur ki, bu da nəticədə qəzalara və piyadaların vurulmasına da səbəb olur. Bu qayda pozuntulara görə cərimələr tətbiq olunsa da, əksər sürücülər səkiləri zəbt etməkdə davam edir.

Məsələ ilə bağlı Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov Redaktor.az-a açıqlamasında bildirib ki, piyadaların hərəkəti üçün nəzərdə tutulmuş səkilərdə avtomobil saxlayan sürücülər inzibati qaydada 20 manat məbləğində cərimə olunurlar:

“Gün ərzində piyadalar üçün və onların hərəkəti üçün nəzərdə tutulmuş səkilərdə avtomobil park edərək onların sərbəst rahat hərəkətinə mane olan sürücülər barədə bizə çoxsaylı məlumatlar daxil olur. Bu barədə bizə müraciət edən şəxslərə təşəkkür edirik. Təkcə bu gün 5 avtomobil sürücüsünün piyada səkisində müxtəlif ərazilərdə avtomobilin park edilməsi ilə bağlı bizə müraciət daxil olub. Bu müraciətlər əsasında artıq həmin sürücülər aşkarlanır və barələrində inzibati araşdırma aparılaraq tədbir görülür. Nəqliyyat vasitələrinin dayanma, durma, parklanması ilə əlaqəli tərəfimizdən nəzarət gücləndirilir və bütün əməkdaşlar səfərbərlik edilərək ərazidə xidmət apararkən belə faktlar aşkarlandıqca, yerindəcə inzibati tənbeh tədbirləri görülür. Qeyd etdiyimiz tələblərlə bağlı aidiyyatı üzrə Bakı Nəqliyyat Agentliyi də paralel olaraq bu sahədə öz funksional vəzifəsini yerinə yetirir. Bir daha avtomobil sürücülərinə, sahiblərinə müraciət edirik və xahiş edirik ki, “Yol hərəkəti haqqında” qanunun tələbinə düzgün riayət edilsin, ən azı hər bir hərəkət iştirakçısının təhlükəsizliyi təmin edilsin".

Şöbə rəisi qeyd edib ki, xüsusilə avtomobillərin dayanma, durma yaxud park edilməsi ilə əlaqəli tələblərin yerinə yetirilməsi ən vacib şərtlərdən biridir.

"Bu, paytaxtın mərkəzi küçələrində strateji əhəmiyyətə malik olan bit tələbdir. Yəni hər bir sürücü ən azından bu istiqamətdə etdiyi əmələ görə özü öz qarşısında hesabat verməyə borcludur. Sürücülərə növbəti dəfə tövsiyə edirik ki, avtomobili park edərkən ən azı kənardan nəqliyyat vasitəsinin necə park olunmasına diqqət yetirsinlər. Çalışın ki, əlillərin, piyadaların hərəkəti üçün nəzərdə tutulmuş ərazilərdə avtomobil dayanmasın, çünki maşını qeyd olunan ərazilərdə saxlamaqla onların hərəkətinə məhdudiyyət qoyulur. Yolların hərəkət hissələrinə yaxın məsafələrdə, yol kəsişmələrində, "zebra" xətlərinin üzərində nəqliyyat vasitələrinin saxlanılması, park edilməsi inzibati xəta tərkibi yaradır və bunu edən vətəndaşlar inzibati qaydada məsuliyyətə cəlb edilir. Bununla bağlı qanun pozuntusu aşkarlandıqda 40 və ya 20 manat məbləğində cərimə tətbiq olunur. Avtobus dayanacağında sürücünün oranı zəbt etməsi, dayanma, parketmə tələblərinə əməl etməməsi həm inzibati xətaya səbəb olur, həm də avtobus sürücüsünün yolun hərəkət hissəsində dayanmağa məcbur edir. Nəticədə o ərazidən sərnişin qismində olan piyadaların hərəkətinə maneə yaranır. Eyni zamanda, bu həm də yolun daralmasına səbəb olur. Belə ki, iki hərəkət zolağı olan bir istiqamətli yol zolağında cib tipli dayanacaq yoxdursa və avtobus da həmin hissədə dayanacaqsa, yanlış yerdə dayanmış nəqliyyat vasitəsinin  hesabına artıq həmin yol zəbt edilir və digər avtomobil sürücüləri bu ərazidən istifadə edə bilmirlər. Yəni yol daralır deyə digər sürücülər istər istəməz gözləməli olurlar. Bu da ləngiməyə səbəb olur. Bu sahədə inzibati tənbeh tədbirlərini görülüb görülməməsindən asılı olmayaraq, hər kəs bu tələbi düzgün yerinə yetirməklə başqalarının hərəkətinə maneə yaratmamalıdır", - deyə Vaqif Əsədov bildirib.

Vumart və Güvən reklamı Vumart Güvən