Doğum günündə müharibəyə yollanan şəhidin anasına son sözü: "Qarabağı almaq lazımdır" - FOTO

 15:14 08.11.2021     1645

Bu gün Zəfər Günüdür. Azərbayan xalqının 44 günlük Vətən müharibəsindən qalib ayrıldığı gündür. Torpaqlarımızı işğaldan azad edən igid oğullarımızın əziz xatirəsinin anım günüdür.

Vətən müharibəsində döyüşərək həlak olan qəhrəman igidlərimizdən biri də Elşən Alxas oğlu Aslanov olub. 1999-cu ilin sentyabrın 29-da Bakı şəhəri Qaradağ rayonunun Qızıldaş qəsəbəsində dünyaya göz açan Elşən 2006-cı ildə məktəbə gedib. O, 2015-ci ildə 9 illik orta təhsilii bitirərək peşə liseyinə qəbul olur. Peşə liseyində 3 il çilingərlik öyrənən şəhidin həm də musiqiyə marağı olub. Musiqi məktəbində 5 il qarmon təhsili alsa da, lakin sonradan bu təhsilini yarımçıq qoyub. 2018-ci ilin peşə liseyini bitirdikdən sonra iyul ayında hərbi xidmətdə çağırılır. Vətənin keşiyində dayanan minlərlə gənc kimi o da hərbi xidmətə yollanır.

Şəhidin qardaşı Aydın deyir ki, Elşən Naxçıvanda hərbi xidmətdə olub:

“2019-cu ilin sonunda hərbi xidmətini başa vuraraq evə qayıtdı. Qayıdandan sonra bir müddət işləmədi. Arzusu FHN-də işləmək idi. Amma bu arzusunu həyata keçirə bilmədi” .

Vətən müharibəsi başlayanda sentyabrın 28-i gecə saatlarında minlərlə Azərbaycan oğlu kimi Elşənə də çağırış gəlir. Sentyabrın 29-u isə şəhidin qardaşı Aydına da çağırış vərəqəsi gəlir:

“Sentyabrın 29-u Elşənin ad günü idi. 2 ildir ki ad gününü əsgərlikdə keçirdiyinə görə anam getməsinə etiraz elədi. "Heç olmasa üçüncü ad gününü evində, bizimlə keçir sonradan gedərsən" dedi. Amma Elşən anama qulaq asmadı. Sentyabrın 29-da ikimiz də hərbi hissəyə yollandıq. Getməzdən əvvəl anama “Ana, Qarabağı almaq lazımdır” deyərək vidalaşdı. Naxçıvanda xidmət edən hər kəsi çağırmışdılar. Cəbhəyə gedənlər arasında Elşənin adı var idi, amma mənim yox. Yola saldıq getdi. Əvvəlcə H.Z.Tağıyev qəsəbəsində yerləşən N saylı hərbi hissəyə düşdü. Bir müddət orada qaldıqdan sonra cəbhəyə yollanıblar”.

Şəhidin anası Xansənəm xanım deyir ki, uşaqlıqdan sürücülüyə böyük həvəsi olan Elşən əsgərlər içərisində öz keyfiyyətlərinə görə seçilməyi bacarıb:

“Elə sürücü kimi hərbçilərin avtobusunu Cəbrayılın Daşkəsən kəndinə kimi gətirib. Üç gün avtobusda qalıblar. Sonuncu dəfə oktyabrın 11-də qardaşına mesaj yazıb ki, burada şəbəkə yoxdur, zəng vura bilmirəm. İmkan tapdıqca atasına və mənə zəng edirdi. Oktyabrın 19-da sonuncu dəfə atasına zəng etmişdi. Dedi ki, narahat olmayın. Oktyabrın 20-dən sonra ondan xəbər tuta bilmədik.

Cəbrayıldan Füzuliyə, ordan da Hadruta qədər irəliləyiblər. Oktyabrın 21-də Hadrutun Ərgünəş zirvəsində axşamüstü minamyotdan atılan qəlpə oğlumun şah damarını kəsib. Həmin vaxt Elşənin yanında üç nəfər olub. Onlardan yalnız biri sağ qalıb. Komandir gəlib Elşənin uzandığını görərək çağırıb ki, Elşən uzanmaq vaxtı deyil, camaat döyüşür, sən isə yatmısan. Cavab gəlmədiyini görən komandir onun nəbzini yoxlayanda görüb ki, artıq Elşənin nəbzi vurmur”.

Oktyabrın 20-də Elşənlə əlaqə saxlaya bilməyən ailəsi narahat olmağa başlayır. Ayın 21-i də də narahatlıq və təlaşla keçir. Nəhayət Elşənin şəhid olması xəbəri oktyabrın 22-də gəlir. Onunla birgə döyüşə gedən əmisi oğlu qazi Oktay Aslanov 19-da yaralanıb. 22-si Oktay Aydına zəng edir ki, qəsəbəyə şəhid gəlir, maraqlanın görün nə məsələdi.

“Qapıya çıxb atamı çağırdım. Əmim bələdiyyə nümayəndəsinə yaxınlaşıb dedi ki, qardaşımgilin qapısına getmə. Elə oradaca Elşənin şəhid olduğunu öyrəndik. Oktyabrın 23-ü Elşəni dəfn elədik”- şəhidin qardaşı danışır.

Aydın deyir ki, döyüş yoldaşları Elşəni gülərüz, xoş səmimi zarafatları ilə xatırlayır:

“Qısa müddət ərzində özünə çoxlu dost qazandığına görə dostları deyir ki,  həqiqətən də adı kimi "elin şəni" idi. Əsgərləri Cəbrayıla gətirdikdən sonra avtobusu geri qaytarmaq lazım olub. Elşənə deyiblər ki, sürücü sənsən, geri qayıtmalısan. Amma Elşən razılaşmayıb ki. yoldaşlarımı tək qoya bilmərəm. Əlindən qəlpə yarası alan döyüş yoldaşının əlini sarımağa kömək edib. Kimin nə problemi olurdusa, canla başla həll edirmiş. Əsgərlər arasında yaşına görə ən kiçiyi Elşən idi”.

Anası deyir ki, Elşənin ən böyük arzusu sürücü olmaq idi:

“FHN-də sürücü olmaq istəyirdi. Amma bütün arzusu üryində getdi. Həmişə deyirdi ki, qardaşımın toyunu hansı restoranda istəsəz edərsiz. Mən özümə mağar toyu edəcəm... Nə qədər danlasam da heç vaxt inciməzdi, küsməzdi. Həmişə deyirdi ki, siz məni danlasaz da, qocalanda sizə mən baxacam. Həmişə deyirdi ki, ana darıxma. Məni həmişə o təsəlli verirdi”.

Şəhid olduqdan sonra Elşən “Füzulinin azad olunması uğrunda”, “Vətən uğrunda”, “Xocavəndin azad edilməsinə görə” medallarına layiq görülüb.

Allah rəhmət eləsin!

Şəbnəm Mehdizadə

22222222222