Havalar kəskin soyuyur - İstilik nə vaxt veriləcək? - AÇIQLAMA

 15:01 10.11.2021     770

Xəbər verdiyimiz kimi, bu gündən ölkədə hava şəraiti kəskin dəyişir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeoroloji Proqnozlar Bürosu temperaturun kəskin şəkildə aşağı düşəcəyi ilə bağlı əhaliyə xəbərdarlıq edib. Bəs havaların soyuq keçməsi səbəbindən ölkədə istilik sistemi vaxtından əvvəl verilə bilərmi?

Mövzu ilə bağlı Redaktor.az-ın sualını cavablandıran "Azəristiliktəchizat" ASC-nin Abonent və Müştəri Xidmətlərinin rəhbəri Rafiq Əliyev bildirib ki, Bakıda eləcə də rayonlarda istilik mövsümü noyabrın 15-dən başlayacaq:

"“Azəristiliktəchizat”ın istilik mənbələri payız-qış mövsümünə hazırdır. Havaların kəskin soyuması ilə əlaqədar olaraq istilik təchizatının vaxtından əvvəl verilməsi məsələsinə baxılacaq. İstiliyin dəqiq hansı tarixdən və nə vaxtdan verilməsi ilə bağlı hazırda dəqiq məlumat yoxdur. İstilik mövsümü ən azı noyabrın 15-dən başlayacaq. İstilik mövsümünün başlaması ilə bağlı əvvəldən qərar qəbul olunduğu halda bu barədə ictimaiyyətə açıqlama veriləcək".

Rafiq Əliyev havanın soyumasına baxmayaraq Bakı və regionlarda olan təhsil müəssisələrinin sinif otaqlarında istiliyin olmamasına da münasibət bildirib:

“Bütün ümumi təhsil müəssisələrinin istiliyinin təmin olunması “Azəristiliktəchizat”ın balansında deyil. Respublikada olan məktəblərdən yalnız 285-i istiliyi bizim mənbələrdən alır. Qalan digər məktəblərin fərdi qazanxanası var və istilik təchizatı öz mənbələri ilə təmin olunur. Havaların soyuması ilə əlaqədar istiliyin vaxtından tez verilməsi ilə bağlı mətbuata açıqlama veriləcək".

Nuranə TOFİQLİ