Qazilər Türkiyə səfirliyinin qarşısında aksiya keçirdi

 15:19 12.11.2021     526

Bu gün bir qrup qazi Türkiyənin Azərbaycandakı səfirliyinin qarşısına toplaşaraq problemlərini dilə gətirib.

Redaktor.az “qafqazinfo”ya istinadla xəbər verir ki, qazilər nazirlik tərəfindən onlara əlillik dərəcəsinin təyin edilməməsindən narazılıqlarını bildiriblər. Həmçinin çıxışlarında onların probleminə nazirliyin səlahiyyətli şəxsləri tərəfindən biganə münasibət göstərildiyini də qeyd ediblər. 

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi qazilərin səsləndirdiyi problemlərə sosial şəbəkə hesabında münasibət bildirib. Məlumatda bildirilir ki, bu gün Türkiyənin ölkəmizdəki səfirliyinin qarşısında Vətən müharibəsinin 2 iştirakçısı Hacı Vəliyev, Ayaz Qasımovun və 2019-cu ildən əlilliyi olan Orxan İmanovun əlillik təyinatı ilə bağlı söylədikləri fikirlər tamamilə əsassızdır. Həmin fikirlər qazilərimizlə bağlı aparılan dəstək tədbirləri, həmçinin qazilərin əlilliyinin təyinatı istiqamətində aparılan şəffaf və qanunauyğun işlər barədə mənfi rəy yaratmaq cəhdidir.

Vətən müharibəsi iştirakçılarından artıq 2200-dək qaziyə əlillik və müvafiq sosial ödənişlər təyin edilib. 

Onlardan biri də Hacı Vəliyevdir.

Ona II dərəcə əlillik, Prezidentin aylıq təqaüdü (350 manat) və pensiya (617 manat), ümumilikdə 967 manat aylıq sosial ödəniş təyin edilib. Əlilliyinə görə 6600 manat sığorta ödənişi edilib və digər maddi dəstək tədbirləri görülüb. Lakin o, bununla neçənci dəfədir ki, bir neçə şəxsi ətrafına cəlb edərək əsassız ittihamlar, qanuni olmayan tələblər səsləndirir, qazilərə guya biganə, qayğısız yanaşıldığı barədə cəmiyyətdə yanlış rəy yaratmağa çalışır. O, müxtəlif vaxtlarda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində nazir müavini, digər rəhbər vəzifəli şəxslər tərəfindən dinlənilib, ona aidiyyəti məsələlərlə bağlı izahatlar verilib. Lakin yenə də sağlamlıq vəziyyəti əlillik təyinatına əsas yaratmayan şəxsləri ətrafına toplayaraq narazılıq fonu yaratmaqla həmin şəxslərə əlillik təyin edilməsi üçün müvafiq quruma təzyiq göstərməyə çalışır.

Narazı çıxış edən şəxslərdən biri – II qrup əlil Orxan İmanova isə hələ 2019-cu ilin dekabr ayında hərbi xidmət dövrü ilə əlaqədar II qrup əlillik təyinatı aparılıb.

Bu il isə o, əlillik səbəbinin “ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” səbəbi ilə əvəz edilməsi üçün müraciət edib. Lakin bu ilin 1 sentyabrında əyani müayinə olunarkən onun diaqnozu təsdiqini tapmayıb. Məsələn, diaqnozunda “pıçıltı nitqinin sol qulaqda bir metr, sağ qulaqda metr məsafədən eşitməsi ilə” yazılsa da, əslində eşitmə cihazı olmadan da rahat eşidə bildiyi aydın olub. Ona görə də 2019-cu ildə təyin edilmiş “epilepsiya” diaqnozu ilə ikinci dərəcə əlillik təyinatı qüvvədə qalıb.

Ayaz Qasımov isə sentyabrın 24-də əyani müayinə olunarkən sağlamlıq vəziyyətinin və eləcə də diaqnozunun əlillik təyinatına əsas vermədiyi müəyyən edilib və bu səbəbdən əlillik təyin olunmayıb. 

Bir daha bildiririk ki, əlillik vəziyyətində olmayan şəxsə əlillik dərəcəsi verilə bilməz. Zəfərimizin qəhrəmanları olan qazilərimizə cəmiyyətdə böyük ehtiram vardır və dövlət tərəfindən onlara hərtərəfli dəstək göstərilir. Bu dəstək işləri qarşıdakı dövrdə də davam etdiriləcək".