Sərt karantin olsa, bu ailələrə müavinət veriləcək - Komitə sədrindən AÇIQLAMA

Milli Məclisdə Azərbaycanın 2022-ci ilin dövlət büdcəsi haqqında müzakirələr aparılır. Xüsusilə də büdcə layihəsində pandemiya dövrü ilə bağlı hər hansı bir qanunun qəbul edilməsi diqqət mərkəzindədir.
Bildiyimiz kimi, hökumət 2020-ci ilin əvvəlində xüsusi karantin rejimi dövründə işsizlərə 190 manat birdəfəlik maddi yardım edilməsi ilə bağlı qərar vermişdi. Bu qərara əsasən də dövlət tərəfindən əhalinin qeyd olunan hissəsinə maddi dəstək həyata keçirildi.
Lakin bəzi ölkələrdə pandemiya dövrü ərzində əhaliyə hələ də maddi yardım paketləri elan olunur. Belə ki, Yaponiyada hökumət pandemiya zamanı əhaliyə dəstək çərçivəsində ailələrə 18 yaşınadək hər uşağa görə 100 min yen (təxminən 1 496 manat) müavinət ayırmağa qərar verib. Bu birdəfəlik müavinət ailənin gəlir səviyyəsindən asılı olmayaraq bütün uşaqlı ailələrə ödəniləcək.
Bəs Azərbaycanda pandemiya ilə bağlı vətəndaşlara və uşaqlı ailələrə yeni maliyyə yardımı paketi nəzərdə tutulurmu? Bu məsələ yeni ilin büdcə müzakirəsində yer alırmı?
Mövzu ilə bağlı sualları Redaktor.az-a cavablandıran Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib ki, sərtləşdirilmiş xüsusi karantin rejimi yenidən tətbiq olunsa, nəinki uşaqlara, həmçinin ehtiyacı olan hər bir vətəndaşa müavinət veriləcək:
“Pandemiya ilə bağlı cənab Prezident İlham Əliyev sərəncam vermişdi və Nazirlər Kabinetinin də müvafiq qərarı var. Əgər ölkədə yenidən sərt karantin tətbiq olunsa, o zaman ehtiyacı olan bütün ailələrə yenidən müavinət ödəniləcək. Hazırda sərt karantin olmadığı üçün və pandemiyanın ağır dövründə yaşamırıq deyə, əlavə müavinətlər nəzərdə tutulmayıb. Amma gələn il yenidən sərt karantinə qapanmalar olsa, təkcə uşaqlara deyil, həmçinin ehtiyacı olan hər bir vətəndaşa dövlət tərəfindən müavinətlər veriləcək. Büdcədə də bu imkanlar var. Lakin bunun olacağı yaxud olmayacağı, məbləği və digər məsələlər sərt karantin tətbiq olunacağı təqdirdə hökümətin qərarı ilə müəyyənləşəcək”.
Nuranə TOFİQLİ