"İnəyini, camışını satıb saxta yolla pensiya düzəldən insanlar az deyil" - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, cari ilin 10 ayında təqribən 500 milyon manat məbləğində əsassız və saxta pensiya işləri ləğv edilib. Bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Milli Məclisdəki çıxışında məlumat verib.
Məlumdur ki, bəzi hallarda həmin vətəndaşlara verilən pensiya sonradan geri alınır. Bəs görəsən, bu hal sonradan sosial narazılığa gətirib çıxara bilərmi?
Mövzu ilə bağlı Redaktor.az-a danışan sosioloq Əhməd Qəşəmoğlu bildirib ki, bu məsələdə bütün məsuliyyəti təkcə məmurların üzərinə atmaq olmaz. Onun fikrincə, hər iki tərəfin məsələdə öz günahı var:
“İnsanlar eşidir ki, hansısa üsulla saxtakarlıq edib pensiya almaq olar. Onlar da şirnikləşib məmurlara rüşvət verirlər ki, onun işini düzəltsin. Təbii ki, vətəndaşın da bu məsələdə ciddi payı var. Heç bir məmur vətəndaşı məcbur etmir ki, ona pensiya düzəltsin. Amma çıxış yolu axtarmaq lazımdır. Hazırda ölkədə əksər insanların iqtisadi vəziyyəti çox pisdir. Differnsial fərqli yanaşma lazımdır. Bir çox insanlar üçün sonradan bu pensiyanı dövlətə qaytarmaq ciddi problemdir. Vaxtilə inəyini, camışını satıb saxta yolla pensiya düzəldən insanlar az deyil. İndi onun vəziyyəti imkan vermir ki, həmin pulu geri qaytarsın”.
Sosioloq bildirib ki, elə yanaşma tətbiq edilməlidir ki, insanlar çətin və çarəsiz vəziyyətdə qalmasın:
“Bütün günahı bir tərəfin, yalnız vətəndaşın yaxud məmurun üzərinə atmaq olmaz. Yaxşı olar ki, həmin məbləğin bir qismi vətəndaşa imza çəkərək ona pensiya təyin edən məmurdan tutulsun”.
Şəbnəm Mehdizadə