"Qadınların pensiya yaşının 65-ə çatdırılması dayandırılmalıdır" - Əli Məsimli

 12:54 17.11.2021     426

“Bu gün Azərbaycanda ən böyük narazılıqlar pensiya və müavinətlərlə bağlıdır”.

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli parlamentin bu gün keçirilən plenar iclasında – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2022-ci il büdcəsi haqqında qanun layihəsinin birinci oxunuşda müzakirəsində deyib.

“Vətən müharibəsində iştirak etmiş və sağlamlığını itirmiş şəxslərə - qazilərə hələ də müavinət təyin edilməyib. Bundan başqa, Azərbaycanda ömür uzunluğu inkişaf etmiş ölkələrdən xeyli aşağıdır, amma pensiya yaşı inkişaf etmiş ölkələrlə eyni səviyyədədir. Qadınların pensiya yaşının 65-ə çatdırılması dayandırılmalıdır. Nisbi rəqəmlərlə artımlar böyük olsa da, mütləq rəqəmlərdə bu, çox aşağıdır.

Azərbaycanda pensiyaların artırılması əməkhaqqının artırılması ilə bağlıdır. İnkişaf etmiş ölkələrdə insan pensiyaya çıxanda onun ömrünün romantika dövrü başlayır. Azərbaycanda isə pensiyaya çıxan insanın məşəqqət dövrü başlayır. Çünki onun aldığı pensiya minimum tələbatının ödənilməsinə kömək etmir. Bu istiqamətdə ciddi araşdırmaların aparılması çox vacibdir”, - deyə deputat bildirib.